00:00:00
Yazar
Ayan Sadi
18.11.2026 16:45 178 2 dəq oxuma
Dünya

Ukrayna Krım körpüsünü vurub: Gərginlik artır?

Ukrayna Krım körpüsünü vurub: Gərginlik artır?

 

 

 

 

Ukrayna ordusu noyabrın 17-nə keçən gecə Krım körpüsünə zərbə endirib. Hücum nəticəsində körpünün bir hissəsi qismən dağılıb. Rusiya Nəqliyyat Nazirliyi avtomobillərin hərəkətinin dayandırıldığını açıqlayıb. Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

 

 

 

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Ukraynanın Krım körpüsünə endirdiyi zərbə Rusiya-Ukrayna müharibəsində həm hərbi, həm də siyasi baxımdan diqqətçəkən hadisədir:

 

 

 

 

“Kerç boğazı üzərindən Rusiyanın materik hissəsini işğal altındakı Krımla birləşdirən bu körpü Moskva üçün mühüm nəqliyyat infrastrukturu olmaqla yanaşı, 2014-cü ildə Krımın ilhaqından sonra Rusiyanın yarımada üzərində nəzarətinin simvoluna çevrilib. 

Bu hadisənin müharibənin gedişinə mümkün təsirlərini qiymətləndirərkən ilk növbədə körpünün logistik əhəmiyyətini nəzərə almaq lazımdır. Krım körpüsü uzun müddət Rusiya qoşunlarının, hərbi texnikanın və təchizatın yarımadaya daşınmasında mühüm rol oynayıb. Onun fəaliyyətinin ciddi şəkildə məhdudlaşması Rusiyanın nəqliyyat imkanlarına əlavə təzyiq yarada bilər. Amma bu heç də Rusiyanın Krımla quru əlaqəsinin tamamilə sıradan çıxması demək deyil. Çünki hazırda Rusiyanın Krıma quru əlaqəsi üçün işğal etdiyi Ukrayna ərazilərindən keçən alternativ marşruta da var. Buna görə də körpünün zədələnməsi Rusiyanın hərbi təchizatını tamamilə dayandırmaq anlamına gəlmir”.

 

 

Siyasi şərhçi qeyd edib ki, digər tərəfdən, hücumun simvolik və psixoloji təsiri də kifayət qədər əhəmiyyətlidir:

 

 

 

 

“Ukrayna bununla Rusiyanın strateji hesab etdiyi obyektlərin belə təhlükəsizlik baxımından həssas olduğunu nümayiş etdirir. Eyni zamanda, Kiyev Moskvanın Ukraynanın enerji və nəqliyyat infrastrukturuna endirdiyi zərbələrə qarşı cavab imkanlarını qoruduğunu göstərməyə çalışır. 

Rusiyanın mümkün cavab addımlarına gəldikdə isə artıq Ukraynanın enerji, nəqliyyat və hərbi-logistika infrastrukturuna qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumların intensivləşməsi müşahidə edilir. Dünən Rusiya qüvvələrinin Kiyevdə Dnepr çayı üzərindəki körpülərə və digər infrastruktura zərbələr endirməsi də bunun əyani sübutudur”.

 

 

 

Politoloqun sözlərinə görə Krımın mülki əhalisi üçün isə nəticələr daha çox nəqliyyat çətinlikləri, sərnişin qatarlarının gecikməsi, avtomobil daşımalarında fasilələr və ərzaq-logistika təchizatında mümkün problemlərlə bağlıdır:

 

 

 

 

“Alternativ marşrutların mövcudluğu bu təsirləri müəyyən qədər yumşalda bilər, lakin uzunmüddətli məhdudiyyətlər gündəlik həyata və turizm sektoruna mənfi təsir göstərə bilər.

Ümumiyyətlə isə Krım körpüsünə zərbə Rusiyanın müharibədəki üstünlüyünü avtomatik dəyişdirməsə də, onun logistika imkanlarına və təhlükəsizlik sisteminə əlavə təzyiq yaradır. Bu hadisə bir daha göstərir ki, Rusiya-Ukrayna müharibəsində nəqliyyat infrastrukturu artıq təkcə iqtisadi obyekt deyil, həm də hərbi və siyasi qarşıdurmanın mühüm elementidir”.

 

 

Aysu Abbasova

 

#artır? #yeni #ukrayna #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər