Boşanmadan sonra ata uşağı görmək hüququndan məhrum edilə bilərmi?
Valideyn və övlad arasındakı ünsiyyət hüququ ailə münasibətlərinin əsas sütunlarından biri hesab olunur. Ailə Məcəlləsi bu hüququ təmin etsə də, uşağın mənafeyi və təhlükəsizliyi nəzərə alınaraq bəzi hallarda məhkəmə qərarı ilə məhdudlaşdırılması mümkündür.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Vəkil Cavanşir Qasımzadə bildirib ki, bu mövzu olduqca həssasdır:
“Təbii ki, hər bir valideynin öz övladı ilə ünsiyyət hüququ vardır və bu hüquq uşağa da şamil edilir ki, o, valideyni ilə ünsiyyət qura bilsin. Bu hüquq Ailə Məcəlləsi-də də öz əksini tapıb.
Lakin müəyyən hallarda bu hüquq məhdudlaşdırıla bilər və bu, şəxslərin istəyi və ya icra qurumunun qərarı ilə deyil, yalnız məhkəmə qərarı ilə mümkündür.
Valideyn valideynlik hüquqlarından məhrum edildikdə, onun vəzifələri saxlanılsa da, valideynlik hüquqları itirilir. Bu halda, adətən uşaqla ünsiyyət hüququ da aradan qalxır.
Bununla yanaşı, yalnız valideynlik hüquqlarından məhrum etmə deyil, bəzi hallarda valideyn bu hüquqlardan məhrum edilməsə belə, uşaqla ünsiyyət hüququ məhdudlaşdırıla bilər. Məsələn, valideyn narkomaniya və ya alkoqolizmdən əziyyət çəkirsə, onun uşaqla görüşü uşağın psixoloji və ya fiziki sağlamlığı üçün təhlükə yarada bilər. Bu zaman valideyn müalicə aldığı dövrdə ünsiyyət hüququ məhdudlaşdırılır.
Həmçinin, valideynin uşağa qarşı mənfi davranışı varsa, bu, uşağın psixologiyasına zərər verə bilər. Eyni zamanda, valideyn psixi xəstəlikdən əziyyət çəkirsə və müalicə alırsa və ya müalicədən imtina edirsə, bu da uşağın sağlamlığına birbaşa təsir etdiyi üçün ünsiyyət hüququnun məhdudlaşdırılmasına əsas yaradır.
Qeyd olunmalıdır ki, bütün bu hallarda ünsiyyət hüququnun məhdudlaşdırılması yalnız məhkəmə qaydasında həyata keçirilə bilər”.
Səadət Əlizadə