00:00:00
Yazar
Zəhra Həsənova
26.02.2026 20:42 24 2 dəq oxuma
İqtisadiyyat Özəl

BP-nin Azərbaycanda enerji layihələrinə qoyduğu sərmayələrin həcmi açıqlanıb

BP-nin Azərbaycanda enerji layihələrinə qoyduğu sərmayələrin həcmi açıqlanıb

Böyük Britaniyanın BP şirkəti öz tərəfdaşları ilə birlikdə Azərbaycanda icraçısı olduğu layihələrə 89 milyard dollardan çox sərmayə qoyub.


Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov "İnformator.az"a açıqlama verib. O bildirib ki, Bərpa olunan enerjiyə keçid mövcud investisiya modelində dəyişiklik yarada bilər:


"Xarici sərmayənin ölkəyə daxil olması ÜDM-in artımına müsbət təsir göstərir. Lakin bu proses gələcək üçün müəyyən öhdəliklər yaradır. Azərbaycanda ixrac strukturunun əsasən neft sektoruna söykənməsi səbəbindən qoyulan investisiyalar daha çox bu sahəyə yönəlir. Nəticədə, yaxın və uzunmüddətli perspektivdə neft ixracının həcmi artır, iqtisadiyyat isə enerji gəlirlərindən asılı qalır. Enerji sektoruna yönələn xarici investisiyalar bir tərəfdən hasilatı və ixracı genişləndirir, digər tərəfdən isə asılılıq riskini gücləndirir. Şaxələndirmə dedikdə bərpa olunan enerji, qaz və neft sektorunun müxtəlif istiqamətlərinin inkişafı nəzərdə tutulur. Bu sahələrə qoyulan sərmayələr büdcə gəlirlərinə uzunmüddətli təsir göstərir. Gəlirli layihələrdən əldə olunan vəsait Azərbaycan Respublikası Dövlət Neft Fonduna toplanır və növbəti illərdə dövlət büdcəsinə transfer olunur". 


Müsahib bildirib ki, hazırda büdcə gəlirlərinin əhəmiyyətli hissəsi məhz bu transferlər hesabına formalaşır:

 

"Bərpa olunan enerjiyə keçid mövcud investisiya modelində dəyişiklik yarada bilər. Bu sahə texnoloji baxımdan neft və qaz hasilatı ilə müqayisədə daha sadədir və geniş sahibkarlıq imkanları yaradır. Günəş və külək enerjisi layihələri həm iri investorlara, həm də fərdi təşəbbüslərə açıqdır. Lakin sektorda yerli investorların payının məhdud olması, texnologiya və idarəetmə sahəsində potensialın tam reallaşdırılmaması ilə bağlı tənqidlər səsləndirilir. Eyni zamanda, dövlət müəssisələrinin səmərəliliyi məsələsi də müzakirə olunur. Bəzi hallarda külək və günəş elektrik stansiyalarının tam gücü ilə işləməməsi, quraşdırılan avadanlıqların şəbəkəyə qoşulmasında gecikmələr kimi problemlər qeyd edilir. Bu isə investisiyaların iqtisadi səmərəliliyi və uzunmüddətli faydası ilə bağlı suallar yaradır. Nəticə etibarilə, enerji sektorunda dayanıqlı və səmərəli inkişaf üçün həm investisiya modelinin təkmilləşdirilməsi, həm də yerli iştirakın və texnoloji potensialın gücləndirilməsi vacib hesab olunur".


Səmayə Səftərova

#xəbər #layihələrinə #həcmi #sərmayələrin #azərbaycanda
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər