00:00:00
Yazar
Aysel Mirzəyeva
12.03.2026 21:32 41 2 dəq oxuma
İqtisadiyyat

Bratislava ilə əməkdaşlığ nə vəd edir?

Bratislava ilə əməkdaşlığ nə vəd edir?

Bakı və Bratislava Slovakiya banklarının Azərbaycanda layihələrin maliyyələşdirilməsində iştirakını müzakirə edib.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, özəl sektor nümayəndələri görüşürsə, onların əsas məqsədi qazanc əldə etməkdir:

 

“Bu prinsip Mərkəzi Bank istisna olmaqla bank sektoruna da aiddir. Bəzi dövlət bankları istisna olmaqla, dövlət banklarının rəhbərlərinin isə bəzən başqa maraqları da ola bilər. Bakı və Bratislava banklarının rəhbərləri əməkdaşlıq edirsə, bu, bank sektorunda mümkün əməkdaşlıq imkanlarını və qazanc yollarını araşdırmaq məqsədi daşıya bilər. Məsələn, investisiya bankçılığının Azərbaycana gətirilməsi kimi imkanlar müzakirə oluna bilər. Ola bilər ki, Bratislavada artıq maliyyə resursları var və onlar bu vəsaiti müəyyən biznes layihələrinə yönəltmək istəyirlər. Lakin məsələ yalnız Bratislava ilə məhdudlaşmamalıdır. Əslində, Avrozona maliyyə resurslarının cəlb olunması daha vacibdir. Təkcə Bratislavaya xüsusi üstünlük verilməsi bank sektorumuz üçün faydalı olmaz. Əgər investisiya qoymaq istəyən tərəflər varsa, bu imkan bütün Avrozona ölkələri üçün açıq olmalıdır. Onlar Azərbaycanda banklara borc verə və banklar vasitəsilə əhaliyə avro ilə kreditlərin verilməsinə şərait yarada bilərlər”.

 

Həmçinin iqtisadçı qeyd edib ki, təcrübə mübadiləsi məsələsində isə Bratislava bu sahədə ən uğurlu mərkəzlərdən biri sayılmır:


“Ona görə də,yeni maliyyə alətlərinin tətbiqi və innovativ həllərin öyrənilməsi üçün digər ölkələrin təcrübəsinə baxmaq daha məqsədəuyğundur. Çünki hazırda Azərbaycanın bank sektoru bir çox ölkələrlə müqayisədə texnoloji həllərin tətbiqi baxımından müəyyən qədər geri qalır və təhlükəsizlik məsələlərində də müəyyən problemlər mövcuddur. Belə əməkdaşlıq əsasən banklar arasında iqtisadi əlaqələrin qurulması ilə nəticələnə bilər. Bu isə daha çox qarşı tərəfin Azərbaycana investisiya yatırması ilə nəticələnə bilər, əks istiqamətdə isə ciddi kapital axını gözlənilmir. Əks halda, ölkədən kapital axını iqtisadiyyat üçün müəyyən risklər yarada bilər. Ümumilikdə, söhbət təkcə Bratislavadan deyil, Avropa maliyyə sistemindən gedir. Avropa ölkələrinə bərabər imkanlar yaradılmalıdır ki, onlar Azərbaycanda infrastruktur və enerji layihələrində tərəfdaş və ya investor kimi iştirak edə bilsinlər. Çünki hazırda ölkədə investisiya baxımından ən cəlbedici sahələr məhz enerji və infrastruktur layihələridir. Digər sektorlar, xüsusilə də qeyri-neft sektoru, təəssüf ki, investorlar üçün o qədər də cəlbedici deyil. Əgər Avropa maliyyə institutları Azərbaycan layihələrinin maliyyələşdirilməsində iştirak etsələr və bu proses yerli banklar vasitəsilə həyata keçirilsə, bank sektorunda müəyyən dəyişikliklər baş verə bilər. Belə ki, əlavə maliyyə resursları hesabına banklar avro ilə kreditlərin şərtlərini yüngülləşdirə, faiz dərəcələrini azalda bilərlər. Bu isə nəticə etibarilə ölkədə daha ucuz kreditlərin verilməsinə imkan yarada bilər”.


Günel Əlili

#yeni #gündəm #vəd #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər