00:00:00
Yazar
Admin User
14.10.2025 14:31 171 2 dəq oxuma
İqtisadiyyat

“Bu, gələcəkdə investorların etimadını azalda bilər”

“Bu, gələcəkdə investorların etimadını azalda bilər”

Avropa İttifaqı Ukraynaya maliyyə dəstəyi vermək üçün Rusiya aktivlərindən əldə olunan gəlirləri istifadə etməyi planlaşdırır. Brüsseldə bu məsələnin iqtisadi və hüquqi tərəfləri müzakirə olunur. Lakin ekspertlər hesab edirlər ki, bu addım qısamüddətli yardım effekti yaratsa da, Aİ iqtisadiyyatına və beynəlxalq investisiya etimadına risklər gətirə bilər.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya aktivlərinin istifadəsi qısamüddətli perspektivdə Aİ büdcəsi üçün rahatlıq yaratsa da, uzunmüddətli baxımdan mənfi nəticələr doğura bilər:

 

“Rusiyanın Avropa İttifaqında və digər ölkələrdə dondurulmuş aktivləri var, yəni tək Aİ-də deyil. Bunlar əsasən dövlət istiqrazları və depozit hesablardır. Estoniya artıq bu aktivlərin müsadirəsini qanuniləşdirib, lakin Belçika kimi ölkələr bunun hüquqi və maliyyə risklərini nəzərə alaraq ehtiyatla davranır. Çünki bu, gələcəkdə investorların etimadını azalda bilər. Əgər bu normaya çevrilsə, digər ölkələrdə də eyni hal baş verə bilər. Bu qərar Aİ-nin iqtisadi siyasətinə birbaşa təsir göstərəcək. Qısa müddətdə Avropa İttifaqı Ukraynaya ayırdığı vəsaiti bu mənbədən təmin edəcək, bu da büdcə təzyiqlərini azaldacaq. Lakin investor etimadına mənfi təsir göstərə bilər. Avrozonada maliyyə siyasətində fikir ayrılıqları yaranacaq, çünki bu, iqtisadi sabitlik baxımından risklidir. Ukraynanın büdcə sabitliyi üçün bu vəsait mühüm rol oynaya bilər. Əlavə resurslar hərbi və sosial xərclərin ödənilməsində istifadə olunacaq. Bu, müharibənin yaratdığı zərərlərin bir hissəsini kompensasiya edə bilər. Amma bu, uzunmüddətli sabitlik təmin etməyəcək. Ukrayna iqtisadiyyatı hələ də Qərb dəstəyindən asılı qalacaq. Hökumət əsas diqqəti infrastrukturun bərpasına və istehsal sektorunun dirçəldilməsinə yönəltməlidir. İqtisadi sabitliyin qorunması üçün təkcə maliyyə yardımı deyil, həm də hüquqi mexanizmlərin yaradılması vacibdir. Əgər Rusiya aktivlərinin istifadəsi beynəlxalq hüquqa uyğun şəkildə tənzimlənməsə, gələcəkdə bu, qlobal maliyyə sistemində yeni qeyri-müəyyənlik yarada bilər. Ona görə bu addım siyasi yox, hüquqi əsaslarla atılmalıdır”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər