Bu il Bakıda ticarət dövriyyəsinin həcmi 4 %-dən çox artıb
Bu ilin yanvar-iyun aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 17 milyard 394,8 milyon manat olub.
Bu barədə "İnformator.az"a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, bu, 2024-cü ilin 6 ayı ilə müqayisədə 4,4 % çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 1,1 % artaraq 9 milyard 609,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 11,9 % artaraq 7 milyard 785,4 milyon manat olub.
Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,5 %, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2 % artıb. İstehlak məhsullarının 38,4 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,3 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
