“Bu layihə Azərbaycanın imkanlarını artıra bilər” - ŞƏRH
Ələt Azad İqtisadi Zonasında yerləşən “Silk Way Cargo Village” və Hava Limanı layihəsinin yaşıl sertifikatlaşdırılması məqsədilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə Ələt Hava Limanı İdarəsi arasında dəstəyə dair razılaşma imzalanıb.
Mövzu ilə bağlı nəqliyyat eksperti İlyas Hüseynov “İnformator.az”a açıqlamasında bildirib ki, ICAO ilə əməkdaşlıq Azərbaycana beynəlxalq səviyyədə tərəfdaşlığın güclənməsi və etibarlılığın artması baxımından mühüm imkanlar yaradacaq:
“Azərbaycanın Ələt Azad İqtisadi Zonasında yaradılacaq “Yaşıl Liman” layihəsi ölkənin etibarlı tərəfdaş kimi mövqeyini gücləndirə bilər. Eyni zamanda, regionu investorlar üçün daha cəlbedici edə bilər, investisiya imkanlarını artıra bilər. Aviasiya, logistika və yükdaşımalar sahəsində tərəfdaş şəbəkəsinin genişlənməsi ölkəyə əlavə investisiya axınına şərait yarada bilər. Bu layihə Azərbaycanın yaşıl iqtisadiyyata keçid prosesində ekoloji baxımdan əhəmiyyətli təşəbbüslərin tərəfdaşı kimi çıxış etməsinə və beynəlxalq imicinin güclənməsinə də töhfə verə bilər”.
Ekspert əlavə edib ki, enerji resurslarından yaşıl enerjiyə keçid həm də mövcud resurslardan daha səmərəli istifadə etməyə və qənaət əldə etməyə imkan verəcək:
“Bu proses yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq və gələcəkdə ölkənin hava məkanının logistika imkanlarının genişlənməsinə ciddi töhfə verə bilər. Yaşıl enerji və yaşıl iqtisadiyyata keçid, eləcə də bu istiqamətdə həyata keçirilən layihələr böyük maliyyə vəsaiti tələb edir. Bu inkişaf layihəsinin maliyyələşməsi əsasən dövlət büdcəsi hesabına həyata keçiriləcək və bu da büdcədən xeyli vəsaitin ayrılması deməkdir. Risklərdən biri ondan ibarətdir ki, ayrılan vəsaitin geri dönüşü nə dərəcədə effektiv olacaq və bu proses hansı müddəti əhatə edəcək. Dövlət büdcəsindən çəkilən xərclərin geri dönüşü uzunmüddətli ola bilər və ya gözlənilən səmərəlilik əldə olunmaya bilər. Eyni zamanda, beynəlxalq səviyyədə ekoloji tələblər gələcəkdə daha da sərtləşə bilər ki, bu da əlavə maliyyə xərcləri yarada bilər. Bütün bu risklər belə layihələrin icrası zamanı mütləq nəzərə alınmalıdır”.
Günel Əlili