00:00:00
Yazar
Zəhra Həsənova
05.05.2026 21:07 24 3 dəq oxuma
İqtisadiyyat

Bu pulları dərhal dəyişdirin!

Bu pulları dərhal dəyişdirin!

Son vaxtlar müxtəlif ticarət və xidmət obyektlərində ödəniş zamanı müştərilərə qalıq pul kimi "skoçlanmış", cırıq və ya zədələnmiş əsginasların verildiyi bildirilir. Bu cür pullar sonradan digər obyektlərdə qəbul edilmir və nəticədə vətəndaşlar onları dəyişmək üçün banklara müraciət etmək məcburiyyətində qalır.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında iqtisadçı Elman Sadiqov bildirib ki, ümumiyyətlə, iqtisadiyyatlarda pulun keyfiyyəti çox önəmli amillərdən biri hesab olunur:

 

"Çünki pul keyfiyyətdən düşdükdə, cırıldıqda və ya zədələndikdə müxtəlif ödənişlər zamanı əhali arasında problemlər və mübahisələr yaranır. Xarici ölkələrdə pulların vəziyyətinə baxdıqda görürük ki, onların vəziyyəti Azərbaycandakı pullarla müqayisədə daha yaxşı olur. Bunun əsas səbəbi isə əhalinin pula münasibətidir. Biz çox vaxt pulu cibimizdə daşıyırıq, bəzən ona səliqəsiz yanaşırıq. Xüsusilə yay aylarında tərləmə nəticəsində pul nəm olur, əzilir və daha tez sıradan çıxır. Həmçinin pulları bəzən qatlanmış və ya əzik halda saxlayırıq ki, bu da onların keyfiyyətini azaldır. Buna görə də cüzdanlardan və pul kisələrindən istifadə mədəniyyətinin daha geniş yayılması vacibdir".

 

İqtisadçının sözlərinə görə, zədələnmiş, cırılmış və ya ləkələnmiş pullarla bağlı əsas mexanizm banklar vasitəsilə həyata keçirilir:

 

" Əhali bu cür pulları banka təqdim edir, bank isə həmin vəsaitləri Azərbaycan Mərkəzi Bankı-na təhvil verir. Mərkəzi Bank bu pulları dövriyyədən çıxararaq yeniləri ilə əvəz edir. Bununla bağlı müəyyən qaydalar mövcuddur. Məsələn, pulun təxminən 60 faizi sağlam qalmalıdır ki, onun dəyişdirilməsi mümkün olsun. Bu qaydanın məqsədi sui-istifadə hallarının qarşısını almaqdır, yəni pulun bir hissəsini kəsib ikiqat məbləğ əldə etmək kimi halların qarşısını almaqdır. Əgər pul həddindən artıq zədələnibsə, seriya nömrəsi oxunmursa və ya təhlükəsizlik elementləri pozulubsa, belə hallarda bank həmin pulu qəbul etməyə bilər. Amma nisbətən az zədələnmiş, məsələn cırılmış və ya yapışdırılmış əskinazlar əksər hallarda qəbul olunur və dəyişdirilir. Əgər bank əsassız şəkildə bu cür pulları qəbul etməzsə, vətəndaşlar bununla bağlı Mərkəzi Banka müraciət edə bilərlər. Azərbaycanda ümumilikdə pulların keyfiyyəti yüksəkdir və onların sıradan çıxma sürəti o qədər də yüksək deyil. Bundan əlavə, son illərdə nağdsız ödənişlərin maaş kartları, debit və kredit kartları vasitəsilə aparılan əməliyyatların artması nəticəsində nağd pul dövriyyəsi azalıb. Bu da zədələnmiş pulların iqtisadiyyata təsirini azaldan mühüm amildir.Bununla yanaşı, pulun qorunması ilə bağlı maarifləndirmə də vacibdir. Çünki Azərbaycan pulu ölkə daxilində çap etmir və bu proses xaricdə həyata keçirilir, bu isə əlavə  maliyyət deməkdir. Pulların tez zədələnməsi bu xərcləri artırır. Ona görə də həm vətəndaşlar pula daha diqqətli yanaşmalı, həm də banklar bu məsələdə daha konstruktiv davranmalıdır. Nəticə etibarilə, müəyyən tələblərə cavab verən zədələnmiş pullar banklar tərəfindən qəbul olunmalı, toplanmalı və Azərbaycan Mərkəzi Bankı-na ötürülərək yenilənməlidir".

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib ki, Hazırda milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı xidmət 02 mart 2026-cı il tarixindən etibarən operator bankların  Azərbaycan Beynəlxalq Bankı ASC və Kapital Bank ASC-nin ölkə ərazisində fəaliyyət göstərən filial və şöbələri tərəfindən ödənişsiz əsasda həyata keçirilir:

 

" Zədələnmiş əsginasların dövriyyəyə buraxılması ümumiyyətlə problem olmamalıdır, çünki onlar vaxtında dövriyyədən çıxarıla bilən olmalıdır. Bu qayda lap bu yaxında, xeyli gec qəbul edilib və indiyədək insanlara və bizneslərə problemlər yaşadıb. Mövcud qaydalara əsasən, müəyyən meyarlara cavab verməyən əsginaslar yararsız hesab olunur".

 

İqtisadçının sözlərinə görə, məsələn, cırığın ölçüsü normadan artıqdırsa, üzərində yapışqan varsa, müəyyən hissələri çatışmırsa, əsginasın oxunması və tanınması çətindirsə, o, dövriyyəyə yararlı sayılmır:

 

" Bu cür əsginasları satıcılar özləri dövriyyədən çıxarmalı və banklarda dəyişdirməlidirlər. Hazırda bu xidmət 02 mart 2026-cı il tarixindən etibarən operator bankların  Azərbaycan Beynəlxalq Bankı ASC və Kapital Bank ASC-nin ölkə ərazisində fəaliyyət göstərən filial və şöbələri tərəfindən ödənişsiz əsasda həyata keçirilir. Bu yanaşma dövriyyədə keyfiyyətli əsginasların saxlanmasına, yararsız pulların vaxtında çıxarılmasına və vətəndaşların narahatlığının azalmasına xidmət edər. İnsanlar əmin olar ki, təsadüfən yararsız əsginas aldıqları halda onu asanlıqla dəyişə biləcəklər. Nəticədə pulun istifadəsi daha rahatlaşar. Bu isə ümumilikdə iqtisadi dövriyyəyə müsbət təsir göstərər".

 

Selcan Xudiyeva

#yeni #azərbaycan #gündəm #dərhal #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər