Bu ərazidə piyada səkisi genişləndirilir: Sürücülər necə qarşılayacaq?
"Sahil" metrostansiyasının qarşısında piyada səkisində təmir işləri aparılır. Məqsəd piyadaların yolunu daha da genişləndirməkdir. Bəs piyada səkisinin genişlənməsi avtomobil yoluna necə təsir edəcək?
Səkinin genişləndirilməsi avtomobil yolunu bir qədər daraldır. Bu səbəbdən də sürücülər yolda hərəkətin çətinləşəcəyini deyirlər. Sürücülər gileylənsə də aidiyyatı qurumdan deyildi ki, görülən işlər Bakının insanyönümlü şəhərə çevrilməsi üçün atılan vacib addımlardan biridir.
Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi paytaxtın Bülbül prospektində piyada (və mikromobillik vasitələrinin axını, eləcə də) intensivliyini təhlil edib. Nəticələrə əsasən böyük piyada axını müşahidə edilən "Sahil" metrosunun qarşısında vətəndaşların rahatlığının, eyni zamanda axınların ayrılmasının təmin edilməsi üçün səkinin genişləndirilməsi qərara alınıb və bu istiqamətdə işlərə başlanılıb.
Qurumdan əlavə edildi ki, konkret tarix bilinməsə də ərazidə görülən işlərin yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır.
