Veçer təşkilində hüquqi risklər
Son dövrlərdə tələbələrin veçer təşkilatçıları ilə əməkdaşlığı və bu prosesdə bağlanan müqavilələr diqqət çəkir. Tələbələr tədbirlərin təşkili üçün müxtəlif şəxslərlə danışıqlar aparır, lakin əməkdaşlıq zamanı hüquqi məsələlərə diqqət yetirmək vacibdir. Xüsusilə notariat vasitəsilə bağlanan əmək müqavilələrinin etibarlılığı, ləğv olunma halları və mümkün aldadılma riskləri suallar yaradır.
Mövzu ilə bağlı “İnformator.az"a açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Cavanşir Qasımzadə bildirib ki, tələbələr veçer, yəni tədbir təşkilatçısı seçərkən ilk növbədə qarşı tərəfin rəsmi hüquqi statusunu, yəni VÖEN-in olub-olmadığını araşdırmalıdırlar:
“Həmçinin əvvəlki tədbirlər üzrə reputasiyasını və real rəyləri araşdırmalı, şifahi vədlərə deyil, konkret maliyyə öhdəliklərinə, məkanın icarəsinə, təhlükəsizlik tədbirlərinə və fors-major hallarda ödənişlərin geri qaytarılması şərtlərinə əsaslanmalıdırlar. Burada mühüm hüquqi nüans ondan ibarətdir ki, tədbirin təşkili işçi-işəgötürən münasibəti yaratmadığı üçün tərəflər arasında əmək müqaviləsi deyil, mülki-hüquqi xarakterli xidmət müqaviləsi bağlanmalıdır. Çünki mahiyyətinə uyğun olmayan müqavilənin notariat qaydasında təsdiqlənməsi belə onu etibarsız edə bilər”.
Müsahib qeyd edib ki, hüquqi qüvvəyə malik olan notarial müqavilələr yalnız tərəflərin qarşılıqlı razılığı ilə, müqavilə şərtlərinin kobud şəkildə pozulması halında məhkəmə qaydasında və ya qanunvericilikdə nəzərdə tutulan digər əsaslarla ləğv edilə bilər:
“Yəni təşkilatçının birtərəfli qaydada imtinası hüquqi məsuliyyət yaradır. Bu sahədə qeyri-rəsmi fəaliyyət göstərən vasitəçilərin çoxluğu və tələbələrin hüquqi məlumatsızlığı səbəbindən aldadılma riski kifayət qədər yüksəkdir. Əsasən behin mənimsənilməsi, vəd edilən xidmətlərin keyfiyyətsiz icrası və ya son anda əlavə ödənişlərin tələb edilməsi kimi hallarda bu özünü göstərir. Tələbələr özlərini qorumaq üçün bütün maliyyə əməliyyatlarını nağd şəkildə deyil, rəsmi bank köçürmələri və ya qəbz qarşılığında həyata keçirməlidirlər”.
Vəkilin sözlərinə görə, şəxslər ümumi məbləğin hamısını əvvəlcədən ödəməməli və ödənişi mərhələli şəkildə işin gedişatına uyğun bölməlidirlər:
“Eyni zamanda, müqavilə imzalanmazdan əvvəl sənədin layihəsini hüquqşünasla məsləhətləşərək yoxlamaq, təşkilatçının şəxsiyyət vəsiqəsinin və ya şirkət sənədlərinin surətini götürmək, eləcə də bütün razılaşmaları yazılı şəkildə rəsmiləşdirmək dələduzluq hallarının qarşısını almaq və mübahisə yarandıqda məhkəmədə hüquqları müdafiə etmək üçün ən etibarlı vasitədir”.
Aysu Abbasova