00:00:00
Yazar
Zəri Bayramlı
27.04.2026 20:23 169 4 dəq oxuma
Araşdırma

Buraxılış imtahanında əlavə vaxt veriləcək-AÇIQLAMA

Buraxılış imtahanında əlavə vaxt veriləcək-AÇIQLAMA

Gələn ildən 11 illik tam orta təhsil səviyyəsində buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi nəzərdə tutulur və bu çərçivədə şagirdlərə 15 dəqiqə əlavə vaxt veriləcək.

"İnformator.az" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva jurnalistlərə açıqlamasında deyib.O qeyd edib ki, imtahanda tapşırıq sayının azaldılması və yazı bacarığının ayrıca qiymətləndirilməsi həyata keçiriləcək.

 

Yeniliklərlə bağlı abituriyentlərin fikirlərini öyrəndik.

 

10-cu sinif şagirdi Sevda Abbasova “İnformator.az”a bildirib ki, imtahan formatının yenilənməsiylə bərabər əlavə vaxtın verilməsi onun üçün sevindirici bir haldır:

 

“Yeni imtahan modeli çətin ola bilər, ona görə də əlavə vaxtın verilməsi abituriyentlər üçün düşünülmüş addımdır”.

 

Digər abituriyent Səmra Əsgərova yeni modeli dəstəklədiyini bildirib:

 

“İndiyə qədər yalnız hazır cavablar arasından seçim edirdik, amma esse yazmaq bizə öz fikirlərimizi ingilis dilində sərbəst ifadə etmək imkanı verəcək. Həm də ki, bəzi şagirdlər var ki, xaricdə təhsil almaq istəyir. Bu model onların həm imkanlarını, həm də ünsiyyət bacarıqlarını artıra bilər”.

 

Abituriyent Elnur Quliyev “İnformator.az”a  bildirib ki, bu sistem onun üçün çətin görünür:

 

“Düzünü desəm, bu sistem mənə çox çətin gəlir. İndiyə qədər ancaq testlərə hazırlaşmışıq. İndi isə həm mövzu tapmaq, həm də onu düzgün ingilis dilində ifadə etmək mənə görə çətindir”.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən təhsil eksperti Afərim Seyidovanın sözlərinə görə, yeni tətbiq olunan imtahan modeli həm müəllimlər, həm də şagirdlər tərəfindən uzun müddətdir gözlənilən bir addımdır:

“Çünki əvvəllər əgər ancaq qaydalar tətbiq olunurdusa, əzbərçi qaydalar, yəni hafizəyə əsaslanan suallar verilirdisə, bu gün artıq biz sırf IELTS imtahanı kimi şagirdin nitq vərdişini, oxuyub-anlama, ingilis dilində ünsiyyət qurma, kommunikasiya qurma bacarıqlarının inkişaf etdiyini görürük. Bu çox sevindirici haldır. Çünki yeni təhsil modeli uşağı məcbur edir ki, artıq xarici dildə ünsiyyət qursun, hətta xarici vətəndaşlarla belə ünsiyyət qura bilsin”.

 

"Biz hafizə məktəbindən təfəkkür məktəbinə gəldik"

 

 

“Hafizə məktəbində şagirdlər söz əzbərləyirdilər, amma tətbiq etmirdilər. Bu məktəbdə uşağın nitq bacarığı inkişaf etdirilmir və yaxud şagirdin dinləmə, ingilis dilində dinləyib-anlama bacarığı üzə çıxmırdı .İndiki model artıq onu göstərir ki, şagird - 11 il məktəbi normal səviyyədə oxumuş uşaq, abituriyent - mükəmməl şəkildə xarici vətəndaşla ünsiyyət quracaq. Xarici insanlarla bir mühitdə olanda, xarici filmlərə baxdıqda onları başa düşəcək, xarici jurnallarda məqalə oxuyanda və yaxud ingilis dilində kitab oxuyanda həmin mətni sərbəst şəkildə anlayacaq və bu dildə ünsiyyət qura biləcək. Bunu da çox yüksək səviyyədə alqışlayırıq”.

 

İmtahan müddətinə edilən əlavə barədə danışan Afərim Seyidova qeyd edib ki, 15 dəqiqə vaxtın əlavə olunması müsbət bir addımdır, çünki şagird illərdir gördüyü modeldən fərqli bir test strukturu ilə qarşılaşacaq:

 

“15 dəqiqə vaxtın əlavə olunması da yenə müsbət bir addımdır. Çünki bu, şagird üçün yenidir, model yenidir. O, burada illərdir gördüyü modeldən fərqli bir test modeli ilə qarşılaşır. Ona görə də bunu da yüksək səviyyədə alqışlayırıq. Bu addım fonunda balın artma-azalma məsələsinə gəldikdə isə daha çox balın nisbətən stabil qalmasına, bəzi hallarda isə hətta azalmasına təsir göstərə bilər. Bu ilki buraxılış imtahanı göstərir ki, ballarda təxminən 20-40 bal arası azalma mümkündür”.

 

Sonda təhsil eksperti vurğulayıb ki, modelin daha da təkmilləşdirilməsi mümkündür: 

 

“Hətta Dövlət İmtahan Mərkəzi bir neçə il əvvəl qeyd edib ki, bu modelə speaking də əlavə olunsa, ingilis dili üzrə şagirdlərin danışıq bacarıqları da daha da inkişaf edər. Yeni təhsil modeli şagirdi və abituriyenti sırf inkişafyönümlü təhsilə yönəldir. Yəni artıq passiv, əzbərçi təhsildən uzaqlaşaraq idraki bacarıqların inkişafına, şagirdin sərbəst şəkildə dinləyib-anlama qabiliyyətinin formalaşmasına müsbət təsir göstərir”.

 

 

DİM-in Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin sektor müdiri Xanlar Xanlarzadə isə “İnformator.az”a bildirib ki, növbəti tədris ilindən 11-ci siniflər üçün xarici dil imtahanının formatında mühüm yenilik gözlənilir:

“Gələn ildən etibarən 11-ci sinif təhsil bazası üzrə buraxılış imtahanlarında xarici dil fənni üzrə imtahan modelidə dəyişiklik edilib. Burada şagirdlərin yazı bacarığının da qiymətləndirilməsi nəzərdə tutulur və onlardan qısa bir esse - yəni bir paraqraflıq, bir abzaslıq yazı yazmaq tələb olunur”.

 

DİM rəsmisi vurğulayıb ki, şagirdlərin esse yazmaq üçün kifayət qədər vaxtı olması üçün xüsusi təklif hazırlanıb:

 

“Bu səbəbdən Dövlət İmtahan Mərkəzi tərəfindən qaydalarda müəyyən dəyişikliklərin edilməsi üçün təklif irəli sürülüb ki, imtahanda ümumi vaxt 15 dəqiqə artırılsın. Əvvəl 3 saat idi, lakin yeni təklifə əsasən bunun 3 saat 15 dəqiqə olması nəzərdə tutulur və bununla bağlı təkliflər Nazirlər Kabinetinə göndərilibdir.Əlbəttə ki, yekun qərarı Nazirlər Kabineti verir, çünki ümumi təhsil müəssisələrində buraxılış imtahanı qaydalarını məhz Nazirlər Kabineti təsdiq edir”.

 

Zəri Bayramlı

#azərbaycan #veriləcək-açiqlama #baki #xəbər #əlavə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər