Burkina Fasoda ölüm hökmünün bərpası hansı məqsədlərə xidmət edir?
Burkina Fasoda ölüm hökmünün bərpası qərarı onun hansı cinayətlərə şamil olunacağı və ölkənin təhlükəsizlik siyasətinə necə təsir göstərə biləcəyi ilə bağlı müzakirələrə səbəb olub. Dövlətə xəyanət, terrorizm və hərbi cinayətlərə görə ölüm cəzasının nəzərdə tutulması qərarın hüquqi və siyasi tərəflərini gündəmə gətirir. Bu addımın cinayətkarlıqla mübarizədə nə dərəcədə effektiv olacağı, beynəlxalq insan hüquqları prinsiplərinə uyğunluğu və məhkəmə proseslərində ədalətliliyin təmin edilməsi əsas müzakirə mövzularındandır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında vəkil Mehman Muradlı bildirib ki, Burkina Fasoda ölüm hökmünün bərpasını qiymətləndirərkən, ilk növbədə, qərarın hansı cinayətlərə şamil olunduğunu nəzərə almaq lazımdır:
“Burkina Faso Afrikada yerləşən respublikadır. Ölkədə ölüm cəzası əvvəllər mövcud olub, lakin təxminən səkkiz il əvvəl qanunvericilikdən çıxarılıb. İndi isə ölüm hökmünün yenidən bərpası nəzərdə tutulur. Ancaq burada əsas məsələ bu cəzanın hansı cinayətlərə görə tətbiq ediləcəyidir. Söhbət dövlətə xəyanət, terrorizm və hərbi cinayətlərdən gedir. Hərbi cinayətlər çərçivəsində hərbi çevriliş kimi əməllərin də nəzərdə tutulması mümkündür. Bununla belə, konkret olaraq hansı əməllərə görə ölüm cəzasının tətbiq ediləcəyini dəqiq deyə bilmərəm.
Mən hesab etmirəm ki, bu qərarı yalnız ölkədəki kriminal vəziyyətin yaxşı və ya pis olması ilə əlaqələndirmək lazımdır. Burada əsas məsələ dövlətə xəyanət, hərbi çevriliş və terrorizm kimi cinayətlərin xarakteridir.
Bu gün bir çox ölkə terrorizmdən əziyyət çəkir. Azərbaycan da uzun illər ərzində bu cür əməllərin ağır nəticələri ilə üzləşib. Bu yaxınlarda ermənilərlə bağlı məhkəmə prosesi də başa çatdı. Lakin təyin olunan cəzaların ağırlığı ilə bağlı müzakirələr aparılır. Halbuki çoxlu insan həlak olub, uşaqlar öldürülüb, şəhərlər dağıdılıb və ölkəyə böyük ziyan vurulub. Bunlar terrorizm və dövlətin ərazi bütövlüyünə qarşı yönəlmiş əməllərlə bağlı məsələlərdir. Bu baxımdan, belə ağır cinayətlərə görə ölüm cəzasının nəzərdə tutulmasını prinsip etibarilə müzakirə etmək mümkündür. Əsas məsələ konkret cinayətlərin xarakteri və həmin əməllərə görə hansı cəzanın tətbiq olunmasıdır”.
Mehman Muradlının sözlərinə görə, Burkina Fasoda ölüm hökmünün bərpası ilə bağlı qərarı qiymətləndirərkən onun hansı cinayətlərə şamil olunduğu və həmin əməllərin ağırlığı əsas götürülməlidir.
Gülnar Mustafayeva