00:00:00
Yazar
Admin User
16.12.2025 16:39 101 3 dəq oxuma
Sosial

Bəzi məktəblər distant təhsilə keçə bilər

Bəzi məktəblər distant təhsilə keçə bilər

Distant təhsilə səmərəlilik, şagirdlərin daşınması və onların rahatlığı baxımından yanaşılır, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsində məlumat verib.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər" Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, Emin Əmrullayev nazir kimi ölkənin təhsil siyasətini həyata keçirən Mərkəzi İcra Hakimiyyəti orqanının rəhbəri olaraq həm şəxsi yanaşmasını, həm də nazirliyin mövqeyini ortaya qoydu:

 

"Distant təhsil daha çox ucqar ərazilərdə yerləşən, şagird sayı az olan kənd məktəbləri üçün gündəmə gəlir. Xüsusilə bir sinifdə iki, üç, dörd, hətta bir şagirdin oxuduğu məktəblər mövcuddur. Bu məktəblər bəzən yaxınlıqdakı digər təhsil müəssisələrindən kifayət qədər uzaq məsafədə yerləşir. Yol infrastrukturu şagirdlərin qonşu kənddəki və ya yaşayış məntəqəsindəki məktəbə getməsinə imkan vermədikdə, distan təhsilin təşkili zəruri alternativ kimi ortaya çıxır. Bu yanaşma yalnız ucqar yaşayış məntəqələrini və şagird sayı az olan sinifləri əhatə edə bilər. Təhsilin keyfiyyətinə təsir məsələsinə gəldikdə, hesab edirəm ki, burada əsas müsbət cəhət təhsildən kənarda qalma riskinin aradan qaldırılmasıdır. Şagirdin ümumiyyətlə təhsil almamasındansa, distant təhsilə cəlb olunması daha doğru alternativ sayılmalıdır. Eyni zamanda ucqar məktəblərdə müəllim çatışmazlığı problemi də mövcuddur. Bir neçə şagird üçün ayrıca sinif təşkil etmək dövlət üçün əlavə maliyyə yükü yaradır. Bu baxımdan distan təhsil həm dövlət vəsaitindən səmərəli istifadəni təmin edir, həm də şagirdlərin təhsilə əlçatanlığını artırır. Bir tərəfdə təhsilin ümumiyyətlə olmaması, digər tərəfdə isə distant formatda təşkili dayanır. Şübhəsiz ki, ikinci variant daha məqbul sayılır. Gələcəyin əsas alətləri müasir və rəqəmsal texnologiyalar olacaq. Bu baxımdan yanaşma çıxış yolu kimi düzgün qiymətləndirilməlidir. Şagirdlərin sosial inkişafı baxımından müəyyən risklər mövcuddur. Distant təhsil zamanı qiymətləndirmənin aparılması çətinlik yarada bilər. Texnoloji təminat baxımından da risklər istisna deyil. Bundan əlavə, şagirdlərin sosiallaşması, komanda daxilində işləmək bacarığının formalaşması baxımından da çatışmazlıqlar yarana bilər. Ənənəvi tədrisi tam əvəz edəcək format yoxdur. Müəllimlə canlı ünsiyyət, sinif mühiti, şagirdlər arasında rəqabət və sosial əlaqələr baxımından klassik sinif modeli ən uğurlu model hesab olunur. Lakin bu imkanlar mövcud olmadıqda alternativ vasitələrin tətbiqi qaçılmazdır".


Həmçinin müsahib müəllimlərin distant təhsilə hazırlıq səviyyəsi barədə də danışıb:

 

"Müəllimlərin distant təhsilə hazırlıq səviyyəsinə gəldikdə, COVID-19 pandemiyası dövründə müəyyən təcrübə formalaşdı. Bəzi vərdişlər qazanıldı, lakin bütün müəllimlərin distant formada pedaqoji yanaşmalardan istifadə etmək üçün kifayət qədər bilik və bacarığı yoxdur. Buna baxmayaraq, əgər distant təhsil yalnız ucqar və şagird sayı az olan məktəblər üçün tətbiq edilirsə, bu sahədə hazırlıqlı müəllimlərin seçilməsi mümkündür. Distant təhsil verə bilən müəllim həmin rayonun məktəbindən də ola bilər, paytaxtda çalışan və bu sahədə daha yüksək səriştəyə malik müəllim də prosesə cəlb edilə bilər. Bu yanaşma kütləvi xarakter daşımır. Yalnız zərurətdən irəli gələn, təhsilsizliyin qarşısını almağa və şagirdlərin təhsilə əlçatanlığını təmin etməyə yönəlmiş addım kimi nəzərdə tutulur. Məhdud sayda məktəbi əhatə edəcək bu model üçün müəllimlərin düzgün seçilməsi və hazırlanması təhsilin keyfiyyətinə mənfi təsir göstərməyəcək. Əsas məsələ şagirdlərin texniki alətlərlə təmin olunması və həmin ərazilərdə internet infrastrukturunun mövcudluğudur. Hazırda ölkədə internet təminatı ilə bağlı ciddi problem yoxdur. Lazımi avadanlıqlar düzgün şəkildə təmin olunduğu halda distant təhsilin təşkili mümkündür. Risklər mövcud olsa da, başqa çıxış yolu olmadıqda distant format alternativ kimi tətbiq edilməli və tətbiq ediləcək".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər