Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində Ankara–Bakı xəttinin strateji rolunu gücləndirir
Cənub Qaz Dəhlizi Azərbaycan–Türkiyə strateji tərəfdaşlığının ən mühüm elementlərindən biri olmaqla iki ölkə arasında enerji əməkdaşlığını yeni və daha yüksək strateji mərhələyə çıxarıb.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlama verib. O bildirib ki, qazın qiymətinin 700 dolları keçməsi də bazarda ciddi qiymət artımının olduğunu göstərir. Belə bir şəraitdə enerji istehsalçıları və ixracatçıları üçün yeni imkanlar yaranır:
"Cənub Qaz Dəhlizi unikal layihədir. Hətta onu proqram adlandırmaq da olar. Çünki bu, çoxşaxəli bir sistemdir və ildən-ilə bu prosesə qoşulan iştirakçıların sayı artır, həcmlər genişlənir. Bu göstərir ki, bir ideya uğurla reallaşdıqdan sonra onun ətrafında yeni istiqamətlər formalaşır və layihə daha da inkişaf edir. Bu proses Azərbaycanın siyasi rəhbərliyi, Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm uğurlardan biri kimi qiymətləndirilir. Artıq Xəzər bölgəsindən Adriatik dənizinə qədər uzanan, təxminən 3 min kilometr uzunluğunda boru kəməri mövcuddur. Interkonnektor sistemləri də nəzərə alındıqda, layihənin miqyası və əhəmiyyəti daha aydın görünür. Layihə Avropanın enerji təhlükəsizliyinə də mühüm töhfə verir".
Müsahib bildirib ki, hazırda regionda, xüsusilə İran ətrafında baş verən proseslərin gərginləşməsi fonunda dünyada enerji qıtlığı və böhranı ilə bağlı narahatlıqlar artır:
"Qazın qiymətinin 700 dolları keçməsi də bazarda ciddi qiymət artımının olduğunu göstərir. Belə bir şəraitdə enerji istehsalçıları və ixracatçıları üçün yeni imkanlar yaranır. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 14-cü iclasında bu məsələ xüsusi vurğulanıb. Avropanın enerji üzrə rəsmisi Dan Yorgensen bildirib ki, onun təmsil etdiyi quruma daxil olan, 30-a yaxın ölkə hazırda Azərbaycana böyük diqqət göstərir. Bu göstərir ki, Azərbaycan nisbətən kiçik dövlət olsa da, böyük layihələr həyata keçirə bilir və bu layihələrdən çoxsaylı müsbət iqtisadi nəticələr əldə olunur. Bu proseslər fonunda Ermənistanın mövqeyi də diqqət çəkir".
Politoloq vurğulayıb ki, əgər Ermənistan daha rasional siyasət yürüdə bilsəydi, o da bu formatda təmsil oluna və regional layihələrdən faydalana bilərdi:
" Lakin mövcud siyasət nəticəsində ölkə bu imkanlardan kənarda qalır. Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır. İki ölkə bir çox sahələrdə sıx əməkdaşlıq edir və mütəmadi məsləhətləşmələr aparır. Hərbi, hərbi-texniki, iqtisadi və ticarət sahələrində əməkdaşlıq getdikcə genişlənir. Bu əməkdaşlıq Gürcüstanla birlikdə regionda sabitliyin və enerji təhlükəsizliyinin güclənməsinə xidmət edir. Bu proseslərdən Avropa ölkələri də fayda əldə edir. Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq Avropanın enerji təminatına birbaşa töhfə verir. Qarşıda duran dövrdə bu tərəfdaşlığın daha da inkişaf edəcəyi və yeni nəticələr verəcəyi gözlənilir. Azərbaycanın layihələrdə nümayiş etdirdiyi innovativ yanaşma ölkənin beynəlxalq arenada artan rolunu bir daha göstərir".
Səmayə Səftərova
