Cadugərlik ittihamı tarixə necə təsir etdi?
XV əsrdə İngiltərədə yaşayan Eleanor Kobham bir vaxtlar kraliça olmağa çox yaxın idi. Lakin onun adı sonradan cadugərlik, xəyanət və qaranlıq ayinlərlə bağlı qalmaqallı məhkəmə prosesi ilə tarixə düşdü. Bu gün isə yazıçı Filippa Qreqorinin yeni romanı onun həyatını və taleyini yenidən gündəmə gətirib.
1441-ci ildə Eleanor Kobham İngiltərə kralı VI Henrinin taxt-taca mümkün varisi hesab edilən Qloster hersoqu Hamfri Lankasterin həyat yoldaşı idi. Ərinin siyasi mövqeyinin zəifləməsi ilə Eleanorun kraliça olmaq ehtimalı da təhlükə altına düşdü. Həmin dövrdə onun kralın ölümünü əvvəlcədən müəyyənləşdirmək və taxta çıxmaq məqsədilə cadugərliyə müraciət etdiyi barədə iddialar yayıldı.
Eleanor nekromantiya, bidət və cadugərlikdə ittiham edildi. İddialara görə, o, kralın ölümünü proqnozlaşdırmaq üçün astroloji xəritə hazırlatmış, sehrli iksirlər əldə etmiş və kralın mum fiqurundan istifadə edərək ona zərər verməyə çalışıb.
Lakin bəzi tarixçilər bu ittihamların siyasi məqsədlərlə irəli sürüldüyünü düşünürlər. Onların fikrincə, kral sarayındakı rəqiblər Eleanorun fövqəltəbii qüvvələrə marağından istifadə edərək həm onu, həm də ərini siyasi səhnədən uzaqlaşdırmağa çalışıblar. İş üzrə əsas sübutlardan bəzilərinin işgəncə altında alınmış etiraflara söykənməsi də məhkəmənin obyektivliyi ilə bağlı suallar yaradır.
Tarixçi Yuen Rocer hesab edir ki, Eleanorun cadugərliklə əlaqələndirilən fəaliyyətlərinin bir hissəsi uşaq sahibi olmaq cəhdləri ilə bağlı ola bilər. Həmin dövrdə sonsuzluq problemi yaşayan qadınların müxtəlif iksirlərə və xalq inanclarına müraciət etməsi qeyri-adi hal deyildi.
Yazıçı Filippa Qreqorinin Royal Witch romanında isə Eleanor daha fərqli obrazda təqdim olunur. Müəllif onu yalnız siyasi intriqaların qurbanı kimi deyil, öz taleyini müəyyənləşdirməyə çalışan, hakimiyyətə can atan və məqsədləri naminə riskə gedən qadın kimi təsvir edir. Qreqorinin yanaşmasına görə, Eleanor cadugərliklə bağlı fəaliyyətlərində özü də fəal rol oynayıb.
Məhkəmənin nəticələri ağır oldu. Eleanor üç gün ərzində London küçələrində ayaqyalın, sadə geyimdə və əlində iri şam tutaraq ictimai tövbəyə məcbur edildi. Daha sonra ömürlük həbsə məhkum olundu. İşdə adı çəkilən astroloq Rocer Bolinqbruk edam edildi, Marjeri Cerdemeyn isə tonqalda yandırıldı.
Eleanorun mühakiməsi yalnız onun şəxsi taleyinə təsir göstərmədi. Hadisə Lankaster sülaləsinin nüfuzunu zəiflətdi və taxt uğrunda rəqabətin daha da kəskinləşməsinə şərait yaratdı. Bu proses sonradan İngiltərə tarixinin ən qanlı hakimiyyət mübarizələrindən biri olan Qızılgüllər müharibəsinə aparan siyasi gərginliyin bir hissəsinə çevrildi.
Eleanor Kobhamın həqiqətən cadugərliklə məşğul olub-olmadığı bu gün də mübahisə mövzusudur. Onun hekayəsi isə orta əsrlərdə qadınların hakimiyyət uğrunda mübarizəsini, siyasi ittihamların gücünü və cəmiyyətin ambisiyalı qadınlara münasibətini anlamaq baxımından diqqət çəkir.
Fatimə İbrahimova