“CAN-PA” MMC Azərbaycan şirniyyatlarını beynəlxalq bazarlarda tanıdır
Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsi istiqamətində görülən işlər çərçivəsində yerli istehsalçıların beynəlxalq bazarlara çıxışı artır. AZPROMO-nun dəstəyi ilə fəaliyyət göstərən “CAN-PA” MMC Azərbaycan şirniyyat sənayesini uğurla xaricdə təmsil edir.
1993-cü ildən fəaliyyət göstərən şirkət lokum, marmelad, pişmaniyə, draje və noğul kimi ənənəvi şirniyyatlar istehsal edir. Məhsullar müasir texnologiyalar əsasında, yüksək keyfiyyət standartlarına uyğun hazırlanır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov bildirib ki, Azərbaycan məhsullarının, xüsusilə də ənənəvi şirniyyatlarımızın Türkiyədə məşhur olan lokumlar və digər qənnadı məmulatları ilə birlikdə hazırlanaraq dünya bazarına çıxarılması ölkəmizin ixrac potensialını ciddi şəkildə artırır:
"Bu məhsullar yalnız dad baxımından deyil, həm də milli irsimizin daşıyıcısı olaraq beynəlxalq arenada təqdim edilir. Bununla yanaşı, bu məhsullar beynəlxalq satışa çıxarılarkən yalnız ləzzət və təqdimat deyil, həm də qida təhlükəsizliyi və keyfiyyət göstəriciləri baxımından müəyyən standartlara cavab verməlidir. Xüsusilə, ixrac edilən qənnadı məmulatları beynəlxalq qida təhlükəsizliyi sistemlərinə, o cümlədən HACCP (Hazard Analysis and Critical Control Points – Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminə uyğun olmalıdır. Əgər bu məhsullar istilik təsirindən tez xarab ola biləcəksə (məsələn, ərimə ehtimalı varsa), onlar 0°C ilə +5°C temperatur aralığında saxlanmalı və bu şəraiti təmin edən soyuducu konteynerlər və ya xüsusi yük nəqliyyat vasitələri ilə daşınmalıdır. Məhsulun çatdığı ölkədə temperatur yenidən ölçülməli, uyğun saxlama şəraiti təmin edilməlidir və yalnız bundan sonra satışa buraxılmalıdır. Azərbaycanın özünəməxsus məhsulları şəkərbura, paxlava, müxtəlif unlu şirniyyatlar, peçenyelər, həmçinin vegan və vegetarianlara uyğun məhsullar da etiket məlumatları baxımından beynəlxalq tələblərə cavab verməlidir. Bu məlumatlar içərisində:
-Məhsulun tərkibi
-İstehsal və son istifadə tarixləri
-Qida və enerji dəyəri (100 qram üçün)
-İstehsalçı şirkətin ünvanı və əlaqə vasitələri
-Məhsulun mənşə ölkəsi və.s bu kimi məlumatlar yer almalı və ixrac olunan ölkənin dilinə tərcümə olunmalıdır.
Bütün bu standartlara uyğunluq yalnız məhsulun satışı üçün deyil, həm də ölkəmizin qida sənayesinin etibarlı və rəqabətqabiliyyətli olduğunu göstərmək baxımından vacibdir".
Aişə Mustafayeva
