Çatbotlarda insan faktoru: Yeni sistem necə işləyəcək?
Süni intellektə alternativ olaraq istifadəçilərin sorğularını insan əməkdaşların cavablandırdığı yeni çatbot yaradılıb. Yeni sistemdə süni intellekt əvəzinə real insanların cavab verməsi daha fərqli və şəxsləşdirilmiş ünsiyyət imkanları yaradır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə ekspert Elvin Abbasov qeyd edib ki, süni intellektin rəqəmsal ünsiyyətdə dominantlıq təşkil etdiyi bir dövrdə insan vasitəsilə cavablandırılan çatbot modelinin yaradılmasında əsas məqsəd həqiqi emosional zəkanı (EQ), kontekstual dərinliyi və şəxsi toxunuşu ünsiyyətə geri qaytarmaqdır:
“Süni intellekt əsaslı çatbotlar nəhəng data bazaları və statistik alqoritmlər üzərində işləyərək ehtimallara dayanan cavablar istehsal etdiyi halda, insan operatorlar qarşı tərəfin emosional vəziyyətini, mədəni incəlikləri və ironiyanı anında hiss edərək adekvat ton seçə bilirlər. Bu sistem alqoritmik şablonlardan fərqli olaraq hər bir istifadəçiyə unikal yanaşma təmin edir, cavabların mənəvi və etik məsuliyyətini birbaşa insan faktoru üzərinə götürür və maşınların təqdim edə bilmədiyi samimiyyəti rəqəmsal mühitə gətirir.Sorğuların insan vasitəsilə cavablandırılması cavabların etibarlılığını və keyfiyyətini kəskin şəkildə artırır, çünki bu model süni intellektə xas olan uydurma faktlar təqdim etmə (hallyusinasiya) riskini tamamilə aradan qaldırır və mürəkkəb, qeyri-standart hallarda daha dəqiq qərarların verilməsini təmin edir. İstifadəçinin qarşısında real bir mütəxəssisin dayandığını bilməsi psixoloji etibarı və xidmətə olan sədaqəti yüksəltsə də, bu yanaşma cavab müddətinin uzanması və subyektiv insan faktorunun xidmət standartlarına təsiri kimi müəyyən risklər yaradır. Eyni zamanda, milisaniyələr ərzində cavab verən alqoritmlərdən fərqli olaraq, eyni anda milyonlarla istifadəçiyə insan resursu ilə operativ xidmət göstərmək mürəkkəb və xərc tələb edən bir prosesdir”.
Nuray Əliyeva