Cekson–Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər
ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərinin ləğvini dəstəkləyir. Bu barədə, ABŞ dövlət katibi Marko Rubio bildirib. Qüvvədə olan 1974-cü il Cekson-Venik düzəlişini Marko Rubio soyuq müharibənin bir parçası adlandırıb.
Mövzu ilə əlaqədar olaraq politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Cekson-Venik düzəlişi 1974-cü ildə ABŞ Konqresi qəbul edib və əsas məqsədi insan hüquqları, xüsusilə, sərbəst miqrasiya hüququnu məhdudlaşdıran sosialist ölkələrinə qarşı ticarət təzyiqi mexanizmi yaratmaq idi:
“Düzəlişə əsasən, bu meyarlara cavab verməyən ölkələrə ABŞ-dən normal ticarət rejimi tətbiq olunmayıb. SSRİ dağıldıqdan sonra bir çox postsovet ölkələri bu məhdudiyyətdən çıxarılsa da, Azərbaycan formal olaraq hələ də bu düzəlişin təsir dairəsində qalır. Bunun əsas səbəbi hüquqi prosedurların tam tamamlanmaması və düzəlişin uzun illər simvolik xarakter alaraq avtomatik şəkildə qüvvədə saxlanılmasıdır. Praktik təsiri az olsa da, siyasi baxımdan bu status Azərbaycanın ABŞ ilə ticarət və strateji tərəfdaşlıq münasibətlərində müəyyən diskomfort yaradır".
Züriyə Qarayeva qeyd edib ki, əgər Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən rəsmi şəkildə qaldırılsa, bu addım ABŞ-nin postsovet məkanına baxışında mühüm psixoloji və siyasi dəyişiklik kimi qiymətləndirilə bilər:
“Bu, Vaşinqtonun soyuq müharibə dövrünün mexanizmlərindən uzaqlaşaraq daha praqmatik və müasir əməkdaşlıq modelinə keçmək niyyətini göstərə bilər. Xüsusilə, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik fonunda Azərbaycan kimi ölkələrin fərqli yanaşma ilə qiymətləndirilməsi ABŞ-nin regionda nüfuzunu gücləndirə bilər. Belə bir qərar, eyni zamanda, ABŞ-nin Mərkəzi Asiya və Cənubi Qafqazda yeni geosiyasi balans qurmaq istədiyinin mesajı kimi də dəyərləndirilə bilər”.
Səadət Əlizadə
