Polşa və Rumıniyanın aviasiyanı havaya qaldırması nə deməkdir? – Ekspertdən açıqlama
Polşa və Rumıniyanın Ukraynaya hücumlar fonunda aviasiyanı havaya qaldırması regionda təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Şərqi Avropa ölkələrinin hava məkanlarının qorunması istiqamətində tədbirləri artırması NATO ölkələrində təhlükəsizliklə bağlı narahatlıqları da gücləndirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Rusiya son bir ildə Şərqi Avropa ölkələrinin hava məkanlarını davamlı şəkildə pozmağa çalışır və əsas məqsəd Avropa ölkələrini müəyyən qədər təhdid altında saxlamaqdır:
“Əlbəttə ki, Rusiya son bir ildə Şərqi Avropa ölkələrinin hava sərhədlərini davamlı şəkildə pozmağa çalışır. Burada əsas niyyət, əslində, Avropa ölkələrini müəyyən qədər təhdid altında saxlamaqdır. Çünki bununla Rusiya hesab edir ki, Avropa cəmiyyətləri öz rəhbərliklərini Ukraynaya dəstəyi dayandırmağa məcbur edəcək və hədəflərinə çata biləcək. Bu baxımdan, keçən ilin sentyabrından başlayaraq biz Rusiyanın Polşa, Rumıniya, Baltikyanı ölkələr, bəzi hallarda Almaniya və hətta Danimarkaya qədər PUA-lar vasitəsilə hava məkanını pozduğunu gördük. Hazırda isə həm Polşa, həm də Rumıniya Ukraynaya verilən dəstək məsələsində önəmli loqistik rol oynayırlar və məhz buna görə Rusiya adətən bu ölkələrə daha çox təzyiq etməyə çalışır”.
Oqtay Qasımov əlavə edib ki, Avropa ölkələri və NATO Rusiyanın gələcək qarşıdurmalarını nəzərə alaraq hərbi hazırlıq tədbirləri görür:
“Avropa ölkələri və NATO Rusiyanın gələcək qarşıdurmalarını da göz önünə alaraq bununla bağlı müəyyən tədbirlər görməyə çalışırlar. Son bir neçə ildə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Avropa ölkələri özlərinin hərbi arsenalını genişləndirmək və hərbi güclərini artırmaq istiqamətində konkret addımlar atmaqdadırlar”.
Siyasi şərhçinin sözlərinə görə, Polşa və Rumıniyanın aviasiyanı havaya qaldırması həm təlim, həm də mümkün toqquşmalara hazırlıq baxımından əhəmiyyətlidir:
“Gələcəkdə Polşa və Rumıniya ilə bağlı məsələlərə gəldikdə nəzərə alaq ki, hər iki ölkə Şərqi Avropada önəmli dövlətdir. Polşa özünün döyüş hazırlıqlı ordusu ilə NATO-da mühüm yer tutur və üçüncü böyük gücə malikdir. O, ordusunu son illər ciddi şəkildə modernləşdirməklə məşğuldur və artıq ümumi daxili məhsulun 5%-i hərbi xərclərə ayrılır. Bu baxımdan Rumıniya və Polşanın hava məkanlarını qorumaq üçün aviasiyasını havaya qaldırması həm təlim xarakteri daşıyır, həm də hazırlıq baxımından vacibdir. Çünki bu addımların hamısı gələcəkdə ehtimal olunan toqquşmalara bir hazırlıq kimi dəyərləndirilməkdədir. Ümumiyyətlə, hadisələrin gedişi göstərir ki, gələcəkdə belə toqquşma riskləri kifayət qədər yüksəkdir”.
Oqtay Qasımov mümkün müharibə riskinin proseslərin gedişindən asılı olduğunu da vurğulayıb:
“Belə bir savaşın olub-olmamasını biz gələcəkdə proseslərin gedişindən asılı olaraq izləyə biləcəyik. Yəni, əgər proseslər nisbətən yüngülləşmək istiqamətində gedərsə, o zaman şübhəsiz ki, savaş riski azalacaq. Yox, gərginləşmə davam eləyərsə, bu risk olacaq. Ama bu o demək deyil ki, hökmən savaş olacaq. Bu, nəzəri baxımdan ehtimal edilən bir variantdır”.
Gülnar Mustafayeva