Ceyhun Bayramov iyulda Rusiyaya səfər edə bilər- ŞƏRH
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ilin iyulunda Rusiyaya səfər edə bilər.
Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov məlumat verib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının üzvü, millət vəkili Azər Allahverənov bildirib ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova istinadən belə bir məlumat yer almaqdadır ki, iyul ayında iki ölkənin xarici işlər nazirləri görüşsünlər:
“İki ölkənin diplomatik qurumları arasında son zamanlar olan çox sıx təmaslar bunu deməyə əsas verir. Hətta bundan da başqa, may ayının 25-də Rusiya Federasiyasının xarici işlər nazirinin MDB məsələlərinə baxan müavini Mixail Qaluzin həm də Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşüb. Görüş barədə yayılan press-relizdən də məlum olur ki, burada Rusiya-Azərbaycan gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, burada yüksək səviyyəli əlaqələrlə, görüşlərlə bağlı saatların tutuşdurulması baş verib. Təbii ki, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, eyni zamanda, mədəni-humanitar əlaqələrin tam şəkildə bərpa olunmasının vacibliyi ətrafında müzakirələr aparılıb. Bir daha bəyan edilib ki, Rusiya-Azərbaycan müttəfiqlik əlaqələrinin gücləndirilməsi istiqamətində birgə işlərin davam etdirilməsinə dair bir iradə var. Bu da bölgədə sülhün, sabitliyin və hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün zəmin yaradan bir hal kimi göstərilir”.
Millət vəkili qeyd edib ki, burada önəmli olan odur ki, ilk əvvəl iki dövlət arasında aktual olan bir sıra məsələlər var:
“Bu gün həmin məsələlər yayılan məlumatlarda da xüsusilə qeyd edilir. Şübhəsiz ki, bu iki ölkəni əlaqələndirən nəqliyyat-logistika əməkdaşlığıdır ki, bu da Şimal-Cənub dəhlizinin Rusiya, Azərbaycan və İranın beynəlxalq yükdaşımalarında əhəmiyyətini artıran çox vacib bir dəhlizdir. Şimal-Cənub dəhlizi və burada həm dəmir yolu, həm də avtomobil infrastrukturunun modernləşdirilməsi istiqamətində çox vacib işlərin yerinə yetirilməsinə ehtiyac olduğu bildirilir. Hətta cari ilin aprel ayında Zəngilanda hökumətlərarası komissiyanın iclasında həmin istiqamət üzrə üstün prioritetlərin nədən ibarət olmasına dair konkret fikirlər və prioritetlərin nədən ibarət olduğu göstərilib. Eyni zamanda, burada ticari-iqtisadi əlaqələrin genişləndirilməsi məsələsi də var. Nəzərə alsaq ki, indi müəyyən dinamika var və 2025-ci ilin nəticələrinə görə ticarət dövriyyəsi təqribən 5 milyard ABŞ dolları civarındadırsa, amma indi müəyyən məsələlər var ki, cari ilin birinci rübü ilə ötən ilin birinci rübünün müqayisəli təhlili bəzi rəqəmlərin azaldığını göstərir”.
Azər Allahverənov vurğulayıb ki, xarici işlər nazirləri arasında müəyyən danışıqların aparılması mümkün ola bilər:
“Energetika, regional infrastruktur, Cənubi Qafqaz, Yaxın Şərq məsələləri ətrafında da çox vacib müzakirələrin aparılması mümkündür. Mədəni, humanitar sahədə əlaqələrin tam həcmdə inkişaf etdirilməsi məsələsindən gəldikdə isə burada da kifayət qədər böyük bir potensialın olduğunu xüsusilə vurğulamaq lazımdır. Nəzərə alsaq ki, təhsildir, mədəniyyətdir, sonra müxtəlif ölkələrarası sahələrdə bu kontekstdə humanitar zəminli işlərin həyata keçirilməsi bu gün prioritet məsələlərdən biridir. Şübhəsiz ki, geosiyasi aspekt də ola bilər. Bu da Yaxın Şərqlə bağlı olan məsələlərdir. Rusiya-Azərbaycan gündəliyi kifayət qədər praqmatik mahiyyət və ya səciyyəyə malikdir. Bu strateji tərəfdaşlığın gücləndirilməsi zamanı müəyyən həssas məsələlər var. O məsələlər ətrafında da mövqelərin uzlaşdırılması məsələsi dilə gətirilə bilər. Bu da təbii ki, regional böhran, Yaxın Şərqdə gedən proseslər və digər məsələlərdir. İstənilən halda, bunlar hamısı müzakirə oluna bilən məsələlərdir. Ümumiyyətlə, saatların tutuşdurulması o zaman dilə gətirilir ki, tərəflər mövqelərin razılaşdırılması, fikir mübadiləsi və dəqiqləşdirmələrin aparılmasını özündə ehtiva edən, iki ölkənin xarici siyasətində əsas çərçivələrin nəzərə alınmasını göstərən ifadədir”.

Nurgün Qənizadə