Çia toxumunun faydaları nələrdir?
Sağlam qidalanmada geniş istifadə olunan çia toxumu zəngin lif, zülal və omeqa-3 tərkibi ilə diqqət çəkir.
Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının Rəhbəri, sağlam qidalanma mütəxəssisi, Məhsəti Hüseynova “İnformator.az” a açıqlamasında bildirib ki,çia toxumu faydalıdır, amma normadan artıq istifadə olunmamalıdır:
“Son illərdə bəzi toxumlar, xüsusilə də çia toxumu, kətan toxumu və bu kimi qidalar “super qida” kimi tanınır və bir çox hallarda insanlar öz orqanizmlərini tanımadan, yaxud da düzgün qaydada istifadə etmədən onları qidalanmalarına daxil edirlər. Ona görə də çia toxumunun faydalarını bildikləri qədər mümkün zərərlərini də bilmələri və onu düzgün şəkildə istifadə etmələri vacibdir. Birinci növbədə qeyd etmək lazımdır ki, çia toxumu ölçüsünün kiçik olmasına baxmayaraq, çox lifli məhsuldur. Tərkibində zülal, omeqa-3 yağ turşuları, kalsium, maqnezium və antioksidantlar var. Liflə zəngin olduğu üçün həzm sistemi üçün faydalıdır və bağırsaq fəaliyyətinin yaxşılaşmasına kömək edir. Eyni zamanda, çia toxumu qəbul edildikdə, xüsusilə də qatıq, süd və ya su ilə qarışdırılaraq səhər yeməyi kimi istifadə olunduqda uzun müddət toxluq hissi yarada bilir. Ürək-damar sağlamlığı üçün də faydalı hesab olunur. Kalsiumla zəngin olması isə sümük və diş sağlamlığının qorunmasına dəstək verir. Xüsusilə inkişaf dövründə olan şəxslər üçün də faydalı ola bilər. Qlisemik indeksi aşağı olduğuna və lif tərkibi yüksək olduğuna görə şəkərli diabet xəstələri də qanda şəkərin səviyyəsinin daha sabit qalmasına dəstək məqsədilə ondan istifadə edə bilərlər. Enerji verən qida olduğuna görə idmançılar da istifadə etdikdə özlərini daha gümrah və enerjili hiss edə bilərlər. Lakin istifadədə diqqətli olmaq lazımdır. Bəzi insanlar çia toxumunu həddindən artıq miqdarda qəbul edirlər. Tövsiyə olunur ki, təxminən bir xörək qaşığı çia toxumu 100-200 ml suda 20-30 dəqiqə saxlanılsın və gel halına gəldikdən sonra istifadə edilsin. Bəzən insanlar gözləmədən onu quru şəkildə qəbul edirlər. Bu isə mədədə və bağırsaqlarda şişkinlik yarada bilər. Həmçinin kifayət qədər su qəbul edilmədikdə qəbizlik və həzm problemləri ortaya çıxa bilər. İlk dəfə istifadə edən şəxslərdə allergik reaksiyalara meyillilik də mümkündür. Buna görə də orqanizmin reaksiyasını müşahidə etmək vacibdir. Diqqət edilməli əsas məqamlardan biri budur ki, çia toxumu təkbaşına möcüzəvi qida deyil. Onu balanslı qidalanmanın bir hissəsi kimi, faydalı xüsusiyyətlərindən yararlanmaq məqsədilə mütəmadi şəkildə yeməklərə əlavə edərək dəstəkləyici qida kimi istifadə etmək daha məqsədəuyğundur”.
