"Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan saxlanılıb
"Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan saxlanılıb və Ermənistanın İstintaq Komitəsinə aparılıb.
Bu barədə Ermənistan mediası partiyanın mətbuat katibi İveta Tonoyana istinadən məlumat yayıb.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Tsarukyanın saxlanılması Ermənistanın daxili siyasətində ciddi təsirlərə səbəb olacaq hadisə kimi görünmür:
“Onun rəhbərlik etdiyi siyasi qüvvə Ermənistan siyasətində o qədər də böyük nüfuza və təsir imkanlarına malik deyil. Partiyanın sosial dayaqları da məhduddur. Buna görə də onun saxlanılması geniş ictimai etirazlara və ya hakimiyyət üçün ciddi siyasi təzyiqə səbəb olmayacaq. Böyük ehtimalla, müəyyən müddətdən sonra bu məsələ gündəmdən çıxacaq. İstintaq və məhkəmə prosesi başa çatdıqdan, hakimiyyətlə müəyyən siyasi dialoq formalaşdıqdan sonra Tsarukyanın azadlığa buraxılması da mümkün variantlardan biri ola bilər. Əlbəttə, bu, yalnız onun uzunmüddətli həbsini zəruri edəcək ağır hüquq pozuntularının sübuta yetirilməyəcəyi halda mümkündür. Digər tərəfdən, bu hadisə müxalifətə verilmiş siyasi mesaj kimi də qiymətləndirilə bilər. Hakimiyyət bununla daha nüfuzlu müxalifət liderlərinə göstərmək istəyir ki, siyasi, hüquqi və inzibati resurslar onun nəzarətindədir. Eyni zamanda, məqsəd siyasi gərginliyin daha da dərinləşməsinin və genişmiqyaslı qarşıdurmaya çevrilməsinin qarşısını almaqdır”.
Politoloq həmçinin bunu da qeyd edib ki, ümumi siyasi mənzərə ciddi şəkildə dəyişməyəcək:
“Seçki nəticələri əvvəlki kimi qəbul ediləcək və müxalifət seçki pozuntuları ilə bağlı iddiaları əvvəlki qədər gündəmə gətirməyəcək. Tədricən siyasi proseslər sabit məcraya qayıdacaq və əsas diqqət növbəti seçkilərə yönələcək. Bu mərhələdə müxalifət öz mövqeyini qorumaq və gücləndirmək üçün yeni siyasi strategiyalar hazırlamağa çalışacaq. Hakimiyyət də eyni şəkildə gələcək üçün siyasi planlar üzərində işləyəcək. Zaman keçdikcə bugünkü hadisələr siyasi gündəmin əsas mövzusu olmaqdan çıxacaq və ölkədə yeni siyasi reallıq formalaşacaq. Bu proseslərin hansı istiqamətdə inkişaf edəcəyi isə həm hakimiyyətin, həm də müxalifətin qəbul edəcəyi qərarlardan asılı olacaq”.
Güllər Gülhüseynova