Çin AI sahəsində “zərərli rəqabət” ittihamını rədd edib
Çin süni intellektin (AI) idarə olunması ilə bağlı səsləndirilən “təhdid narrativlərini” tənqid edib və tərəfləri qarşıdurma və “zərərli rəqabətə” yol verməməyə çağırıb.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Cziakun bildirib ki, “təhdid, qarşıdurma və zərərli rəqabət narrativləri yalnız qlobal AI idarəçiliyi prosesini pozmağa xidmət edir və heç kimin maraqlarına uyğun deyil”.
O qeyd edib ki, bütün tərəflər süni intellektin açıq, inklüziv, hamı üçün faydalı və ümumi rifaha xidmət edən şəkildə inkişaf etdirilməsi üçün birgə çalışmalıdır.
Çinin bu açıqlaması dünyanın AI sahəsində iki aparıcı gücü olan ABŞ və Çin arasında süni intellektin tənzimlənməsi ilə bağlı razılığa gəlməyin çətinliyini bir daha ortaya qoyub.
Sinqapurun S. Rajaratnam Beynəlxalq Araşdırmalar Məktəbinin hərbi araşdırmalar proqramının dosenti Çanq Cun Yan ABŞ və Çin arasında AI inkişafının tənzimlənməsi ilə bağlı razılaşmanın “demək olar ki, mümkünsüz” olduğunu bildirib.
Onun sözlərinə görə, süni intellekt hər iki ölkənin milli təhlükəsizlik maraqlarının əsas hissəsinə çevrilib. Buna görə də AI sahəsində inkişafın daha yavaş və təhlükəsiz şəkildə aparılması istiqamətində əməkdaşlıq ehtimalı çox aşağıdır.
Hazırda süni intellekt ABŞ və Çin arasında texnoloji rəqabətin əsas istiqamətlərindən biridir. Dünyanın iki ən böyük iqtisadiyyatı qabaqcıl texnologiyalar sahəsində üstünlük əldə etməyə çalışır.
ABŞ-ın kritik çiplərin Çinə ixracına tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, Pekinin dəstəklədiyi açıq mənbəli texnologiyalar və dövlət siyasəti Çində süni intellekt innovasiyalarının inkişafını sürətləndirir.
Çin və ABŞ arasında AI rəqabəti fonunda “Anthropic” şirkətinin baş direktoru Dario Amodei də süni intellektin inkişafının yavaşladılmasına çağırıb. O, eyni zamanda bunun Çinin AI yarışında ABŞ-ı qabaqlamasına imkan verməyəcək şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
A Haber
Güllər Gülhüseynova