00:00:00
Yazar
Zəri Bayramlı
28.04.2026 21:35 196 3 dəq oxuma
İqtisadiyyat

Çinə "Sanksiya" mesajı: Enerji bazarlarında yeni gərginlik-ŞƏRH

Çinə "Sanksiya" mesajı: Enerji bazarlarında yeni gərginlik-ŞƏRH

 

ABŞ Maliyyə Nazirliyi Çinin ən böyük özəl neft emalı müəssisələrindən biri olan “Hengli Petrochemical (Dalian) Refinery Co.”nu sanksiya siyahısına əlavə edib. Şirkət əməliyyatlarını davam etdirmək üçün 3 aydan çox xam neft ehtiyatına sahib olduğunu açıqlayıb. Gələcək satışların ABŞ dolları əvəzinə Çin yuanı ilə əvəz olunacağı da bildirilib.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin bu addımı rəqabətin əvvəlki dövrlərlə müqayisədə daha açıq və sərt mərhələyə keçdiyini göstərir:

 

“Belə bir addımı yalnız bir şirkətə qarşı texniki sanksiya kimi qiymətləndirmək yetərli deyil. Bu, daha çox ABŞ ilə Çin arasındakı münasibətlərə əlavə gərginlik gətirən bir addım kimi görünür. Onsuz da bu iki ölkə arasında texnologiya, enerji və digər sahələrdə müəyyən gərginlik mövcud idi. İndi isə bu proses maliyyə sektorunu da əhatə edərək daha geniş miqyas alır”.

 

“Bu sanksiya Çinə verilən açıq mesajdır”

 

“ABŞ artıq yalnız xırda ticarətçiləri deyil, iri sənaye oyunçularını da hədəfə alır. Bu da öz növbəsində hədəfə alınan Çin şirkətlərinin beynəlxalq bankçılıq sisteminə çıxışı məhdudlaşdırır, xüsusilə də dollar üzərindən işləyən maliyyə mexanizmlərindən istifadənin qarşısını alır.ABŞ-nin bu addımları konkret bir şirkət üzrə hədəfli bir təzyiqdir. Yəni gərginliyi artırır, amma hələ də tam iqtisadi qopma yoxdur”.

 

Elçin Rəşidov hesab edir ki, hazırkı qarşıdurma illərdir öyrəşdiyimiz iqtisadi mübarizə metodlarından fərqlənir:

 

“Bizim tanıdığımız klassik ticarət müharibələri əsasən tariflər və rüsumlar üzərindən aparılıb. Lakin hazırda bu proses daha kompleks formada davam edir. Artıq enerji sahəsində tətbiq olunan bu sanksiyalar da, ümumilikdə, geopolitik amillərlə birlikdə mürəkkəb bir kombinasiya şəklində həyata keçirilir. Yəni söhbət təkcə iqtisadi addımlardan getmir - enerji, maliyyə və siyasət faktorları bir-birinə bağlı şəkildə istifadə olunur və bu da eskalasiyanın dərinləşməsinə səbəb olur. Çinin diversifikasiya siyasəti və alternativ istiqamətləri də mövcuddur.  Bu sanksiyaların diversifikasiya əhəmiyyətini artıracağını düşünürəm.Ölkənin geniş dəniz çıxışı var, eyni zamanda Rusiya ilə birbaşa qonşuluğu mövcuddur.Artıq hər iki tərəf sanksiyalara uyğunlaşıb və müəyyən bir logistika sistemi formalaşdırıb. Görünür ki, gələcəkdə də bu istiqamətdə fəaliyyətlərini genişləndirməyə davam edəcəklər”.

 

Sanksiyaların tam effektiv olub-olmayacağı məsələsinə toxunan iqtisadçı, İranla aparılan gizli ticarətin davam edəcəyini ehtimal edir:

 

“İran məsələsində gizli kanallardan istifadə hazırda var. Yəqin gizli kanallar davam edəcək. Tam dayandırmaq indiki məqamda real görünmür.Çin müxtəlif ərəb ölkələrindən neft ala bilər. Orada neft ticarəti ərəb ölkələri arasında kifayət qədər qarışıqdır və bu mürəkkəb vəziyyətdən Çin müəyyən üstünlüklər qazana bilir.Çinin şimal-qərb istiqamətində alternativ imkanları da mövcuddur. Qazaxıstan neft ixracatçısıdır, Türkmənistan isə qaz ixracatçısı kimi çıxış edir. Türkmənistan birbaşa qonşu olmasa da, Qazaxıstan üzərindən bu əlaqələr reallaşa bilir.Eyni zamanda Afrikada da Qərb ölkələri sayılmayan bir sıra neft ixracatçıları var və Çinin onlarla münasibətləri kifayət qədər güclüdür. Bu baxımdan, Çin enerji təchizatını həmin istiqamətlərə yönəldə bilər. Təbii ki, bu, ümumi enerji xərclərini müəyyən qədər artıra bilər, amma tam şəkildə qeyri-mümkün vəziyyət yaratmır. Digər ölkələrə qoyulan sanksiyalar Çinin enerji alışını ucuzlaşdırıb. Onlar sanksiya altında ucuz satır və Çin də bundan yararlanır.İndi Çin üçün yüngül sanksiya Çinin enerji qiymətlərini bir qədər artıracaq, amma yenə də hesab edirəm ki, Avropa üçün enerji daha bahadır, nəinki Çin üçün".

 

Zəri Bayramlı

 

#bazarlarında #baki #xəbər #çinə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər