“Çin şirkətləri Azərbaycandakı əlverişli biznes və sərmayə mühitindən yararlanır“
Çin şirkətləri Azərbaycanda yaradılmış əlverişli biznes və sərmayə mühitindən yararlanaraq, ölkəmizdə müxtəlif istiqamətlər üzrə layihələr həyata keçirir.
Mövzu ilə bağlı olaraq iqtisadçı Günay Hüseynova "İnformator.az"a açıqlamasında bildirib ki, Çin üçün Azərbaycanda bu sahələrə investisiya qoymaq sərfəlidir:
"Son dövrlərdə Çinin Azərbaycana investisiya marağı, texnoloji avadanlıqların qurulması, texnoparkların yaradılması və s. bu kimi məsələlərin kökündə həmin sahələrin ölkədə ya mövcud olmaması, ya da zəif inkişaf etməsi dayanır. Bundan əlavə, investisiya qoyan ölkənin bu halda Çinin, həmin sahədə yüksək inkişaf səviyyəsinə malik olması və bunun iqtisadi baxımdan səmərə verməsi də bu prosesləri stimullaşdırır.
Məsələn, Azərbaycanda texnoloji avadanlıqlar sahəsində istehsal yoxdur və ümumi səviyyə də o qədər yüksək deyil. Nəqliyyat və logistika sahəsində də inkişaf kifayət qədər deyil. Halbuki bu sahələr Çində yüksək səviyyədə inkişaf edib. Ona görə də, Çin üçün Azərbaycanda bu sahələrə investisiya qoymaq həm sərfəlidir, həm də rəqabət az olduğu üçün effektivdir. Əsas təsir sahələri nəqliyyat, logistika və texnoloji avadanlıqların qurulmasıdır. Yəni Çin şirkətləri əsasən texnologiya ilə bağlı layihələrdə, həmçinin nəqliyyat və logistika sahələrində fəaliyyət göstərirlər.
Bu, ikitərəfli təsirə malikdir. Bir tərəfdən, müəyyən sahələrin inkişafı üçün maliyyə vəsaiti lazım olduğu üçün Çin investisiyaları faydalıdır. Digər tərəfdən, orta və iri biznes inkişaf etdikcə, kiçik bizneslər rəqabətə tab gətirə bilməyib sıradan çıxa bilər. Yəni kiçik sahibkarlar üçün risklər yaranır. Amma ümumilikdə hər hansı sahənin inkişafı üçün investisiya və təcrübə vacibdir.
Vergi və gömrük güzəştləri, tam mülkiyyət hüququ, azad iqtisadi zonalarda fəaliyyət imkanı kimi güzəştlər təqdim edilir. Bu dəstəklər həm dövlət səviyyəsində, həm də ikitərəfli razılaşmalar çərçivəsində həyata keçirilir. Texnologiyaya əsaslanan istehsalın inkişafı, maya dəyərinin aşağı düşməsi, ixracın artması, qeyri-neft sektorunun gücləndirilməsi baxımından ciddi imkanlar yaradır. Bu həm daxili bazarın tələbatını ödəməyə, həm də xarici bazarlara çıxışa şərait yaradacaq. Beləliklə, Azərbaycanın özəl sektorunun inkişafı və texnoloji mühitin formalaşması mümkün olacaq.
Bununla yanaşı, dünya iqtisadiyyatında inflyasiyanın artdığı bir dövrdə yerli istehsalın gücləndirilməsi həm strateji, həm də iqtisadi baxımdan vacibdir. Bu əməkdaşlıq Azərbaycana həm Asiya, həm də Avropa bazarlarına çıxış baxımından da üstünlüklər qazandırır".
Arzu Poladova
