Çində həşəratlarla zəngin qəhvə satışa çıxarılıb
Pekin Həşərat Muzeyi müştərilərinə əzilən tarakanlar və qurudulan un qurdları ilə dəmlənən qəhvə təqdim edir. Muzeyin əməkdaşları bildirirlər ki, bu içki təhlükəsizdir və müalicəvi xüsusiyyətlərə malikdir. Tarakan tozunun qan dövranını yaxşılaşdırdığı, un qurdlarının isə immunitet sistemini gücləndirdiyi iddia olunur.
Mövzu ilə əlaqədar qida eksperti Asim Vəliyev “İnformator.az” a bildirib ki, bu cür məhsullar bəzi Asiya ölkələrində təcrübə xarakterli qida kimi təqdim olunur və ictimaiyyətin reaksiyası yoxlanılır:
“Bizim kimi cəmiyyətlərdə qəbul olunması çətin görünür. Azərbaycanda həşərat yeməyi bəzi regionlarda qədim ənənə olsa da, dünya miqyasında hələ də müzakirə mövzusudur. Asiya ölkələrində həşərat yeməyi adi kulinariya praktikasının bir hissəsidir. Buna görə belə içkilər yenilikçi və maraqlı eksperiment kimi qəbul edilir.
Qərb ölkələrində isə hələ də ciddi narahatlıq, iyrənmə reaksiyası, qida təhlükəsizliyi ilə bağlı müzakirələr, sosial mediada tənqidi yanaşmalar mövcuddur. Azərbaycanda cəmiyyətin böyük hissəsi müsəlmandır və bu mövzu dini baxımdan da maraq doğurur. İslam fiqhində həşəratların yeyilməsi ilə bağlı qaydalar var. Əksər məzhəblərə görə həşəratlar halal sayılmır. Yemək məqsədilə istehlak olunması məsləhət görülmür. Tarakan və un qurdu ilə hazırlanan içki İslam fiqhində halal qida kimi qəbul edilmir. Müalicə məqsədi ilə olsa da, zərurət kateqoriyasına düşmədiyi üçün istifadəsi tövsiyə olunmur. Bu səbəbdən Azərbaycanda belə içkinin dini baxımdan qəbul edilməsi çətin görünür. Bu kimi qidalarda müəyyən üstünlükləri olsa da, riskləri də var.
Un qurdu, cırcırama və başqa həşəratlar zülal, doymayan yağ turşuları, sink və dəmir kimi minerallarla zəngindir. Asan həzm olunan amin turşuları əzələ toxumasının bərpası üçün yararlıdır. Həmçinin həşərat istehsalı su, torpaq və enerji baxımından daha qənaətcil görünür. Risk yönündən qiymətləndirsək deyə bilərik ki, xərçəngkimilərə allergiyası olan insanlar həşərat zülallarına da həssas ola bilər. Hətta steril olmayan şəraitdə yetişdirilən həşəratlarda bakteriya, parazit və ya toksin olma ehtimalı çoxdur. Həşərat tozu və ekstraktlarının gündəlik istifadəsi ilə bağlı geniş klinik məlumat yoxdur.
Mənə görə bu həşəratlı qəhvə yeni məhsul olduğundan dadını təsvir etmək çətindir”.
Səadət Əlizadə
