Çirkli havada məşq etmək nə qədər təhlükəlidir?
Araşdırmalar göstərir ki, fiziki aktivliyin faydaları əksər hallarda hava çirkliliyinin yaratdığı risklərdən daha çoxdur. Lakin qaçış və velosiped sürmə zamanı insan daha sürətli və dərin nəfəs aldığı üçün çirkli havadakı zərərli hissəcikləri daha çox qəbul edir.
Hava çirkliliyində əsas təhlükələrdən biri PM2.5 hissəcikləridir. Bu mikroskopik hissəciklər ağciyərlərə dərindən nüfuz edərək qan dövranına keçə və ürək-damar sistemi, beyin və digər orqanlara təsir göstərə bilər. Azot dioksidi də ağciyərlərdə iltihaba səbəb ola bilər.
Bununla belə, araşdırmalara əsasən, çirkli havada belə fiziki fəaliyyət ölüm riskini 26 faiz azaldır. Daha təmiz havada məşq edənlərdə bu göstərici 31 faiz təşkil edir.
Mütəxəssislər məşq zamanı nəqliyyatın sıx olduğu yollardan uzaq durmağı, mümkün qədər park və yaşıl əraziləri seçməyi tövsiyə edirlər. Sıx yoldan bir-iki küçə uzaqlaşmaq çirklənməyə məruz qalmanı 20–30 faiz, yan küçələrdən istifadə isə 50 faizə qədər azalda bilər.
Həmçinin pik saatlarda və isti, günəşli havalarda məşqdən çəkinmək, yüksək çirklilik zamanı isə qapalı məkanlarda və ya parklarda idman etmək məsləhətdir.
Mütəxəssislər bildirirlər ki, fərdi tədbirlər çirklənməyə məruz qalmanı azaltsa da, problemin əsas həlli zərərli emissiyaların mənbəyində azaldılmasıdır.
Aişə Mustafayeva