Cəmiyyətdə etikasızlıq: "Dəyərlərin aşınması və sosial davranış böhranı"
Son illər cəmiyyətdə etik normaların pozulması, qarşılıqlı hörmətin azalması və sosial davranışların kobudlaşması daha çox müşahidə olunur. Etikasızlıq - yalan, ədalətsizlik, laqeydlik, aqressiya və qaydalara əməl etməmək kimi davranışlarla özünü göstərir. Bu da həm insanların gündəlik həyatına, həm də ümumi ictimai mühitə mənfi təsir edir.
Mövzu ilə bağlı sosioloq Nailə İsmayılova “İnformator.az”a açıqlamasında bildirib ki, etikasız davranışlar əsasən insanların davranış kodeksini bilməməsi ilə bağlıdır:
“Bu kodeks yalnız gənclərə aid deyil. Cəmiyyətdə hər bir insan öz davranışına diqqət etməli, ətrafdakılara qarşı etik münasibət göstərməlidir. Bəzən yaşından asılı olmayaraq insanların uyğun olmayan davranışlarını görürük və bu, həm ailə tərbiyəsi, həm də şəxsi xarakterlə bağlıdır”.
Sosioloqun sözlərinə görə, bir insanın xoşagəlməz davranışı ilə rastlaşanda istər-istəməz onun ailə və məktəb mühitində aldığı tərbiyə barədə düşünürük:
“Bir el misalı var: Tərbiyə ana bətnindən başlayır. Uşaq dünyaya gəlməzdən əvvəl belə ananın davranışları və ona olan münasibət gələcək tərbiyəyə təsir edir. Bu bəzilərinə inandırıcı görünməsə də, istər-istəməz uşağın formalaşmasında rol oynayır”.
Nailə İsmayılova vurğulayıb ki, uşaqların davranışlarına qarşı laqeyd yanaşmaq olmaz:
“‘Uşaqdır, heç nə olmaz düşüncəsi yanlışdır. Gəncləri qınamaq asandır, amma onların ailəsindəki və məktəbdəki şəraitə də baxmaq lazımdır. Çox vaxt davranışın kökü məhz bu mühitdən qaynaqlanır”.
O, həmçinin qeyd edib ki, son zamanlar yaşlı insanların da gənclərə qarşı kobud davranışları müşahidə olunur:
“Bəzən ictimai nəqliyyatda yaşlı insanların gəncləri təhqir etdiyini görürük. Bu isə gənclərdə yaşlılara qarşı hiddət yaradır və həmin aqressiya sonradan ətrafa yönəlir. Gənclərə qarşı daha incə və anlayışlı davranmaq cəmiyyətin borcudur”.
Sosioloq sosial şəbəkələrdə etikasızlığın artmasına da diqqət çəkib:
“Sosial şəbəkələrdə söyüş, təhqir, aqressiya adi hala çevrilib. Burada tək gənclər yox, valideynlər də məsuliyyət daşıyırlar. Onlar bəzən uşaqlarını da sosial mediada reytinq qazanmaq üçün istifadə edir və bu, açıq istismardır. Bu cür davranışlar Azərbaycan ailə dəyərlərinə uyğun deyil”.
O bildirib ki, Azərbaycan cəmiyyəti tarixən ailə tərbiyəsinə və davranış mədəniyyətinə xüsusi önəm verib:
“Biz köklərimizə bağlı xalqıq və bu dəyərləri qorumaq vacibdir. Uşaq və gənclər bizim gələcəyimizdir. Onlara düzgün tərbiyə verilsə, bu dəyərlər nəsildən-nəsilə ötürüləcək”,-deyə o, fikirlərini yekunlaşdırıb.
Banu Məmmədova
