Cəmiyyətin “normallıq” anlayışı və psixikaya təsiri
Cəmiyyətdə qəbul olunan davranış və düşüncə çərçivələrinə uyğunlaşmaq, yəni “normal” olmaq istəyi bir çox insan üçün vacib sayılır. Lakin bu anlayışa həddindən artıq bağlılıq bəzən fərdi xüsusiyyətlərin və daxili ehtiyacların arxa plana keçməsinə səbəb ola bilər.
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a açıqlamasında bildirib ki, daim “normal” olmağa çalışmaq insanın daxili gərginliyini artırır, özünü dəyərsiz hiss etməsinə və stress, depressiya kimi problemlərin yaranmasına səbəb olur:
“Sözsüz ki, hər bir halda “normal” olmaq anlayışının həm müsbət, həm də mənfi təsrəfləri vardır. Müsbət tərəfi odur ki, “normal” olmaq tələbi insana cəmiyyətlə ünsiyyətin və sosial davranış qaydalarının öyrədilməsinə kömək edir. Bundan əlavə, sosial münasibətləri tənzimləyir və balans yaradır. Biz cəmiyyətin qayda-qanunlarına və ünsiyyət formasına uyğunlaşdıqca, sosial nizamı qorumağa başlayırıq. Digər tərəfdən, “normal” olmaq tələbi bəzən mənfi təsir də yarada bilər. İnsan olduğu kimi davranmır, qaydalara uyğun hərəkət edir. Bu zaman “Mən nə istəyirəm?”, “Mən necə olmaq istəyirəm?” kimi suallar ortaya çıxır və daima uyğunlaşmaq ehtiyacı yaranır. Bu, istər-istəməz gərginlik yaradır. Sadə desək, insan özünə “Mən kiməm?” deyil, “Mən necə biri olmalıyam?” sualını verməyə başlayır. Hər zaman “normal” olmağa çalışmaq dostlarla, tanışlarla və ətrafdakılarla münasibətdə bəyənilmək hissi yaradır. “Mən normal olsam, uyğunlaşsam, bəyənilərəm” kimi düşüncə yaradır. İnsan olduğu kimi olmur, mühitin gözləntilərinə uyğun davranmağa başlayır və nəticədə özünü dəyərsiz hiss edir. Bu zaman daxildə basdırılmış duyğular, söyləyə bilmədiyi fikirlər stress, xroniki yorğunluq, özü ilə danışmaq və özünü tənqid etməyə meyil yarada bilər. Uzun müddətdə bu, depressiyaya və psixosomatik hallara- baş ağrıları, ürəkbulanma, başgicəllənməyə gətirib çıxara bilər. Bəzi hallarda bu təzyiq perfeksionizmə, yəni hər zaman mükəmməl olma ehtiyacına və “maskalanma”ya səbəb olur. İnsan “Mən olduğum kimi olsam, cəmiyyət tərəfindən qəbul olunmayacağam” deyə düşünür. Cəmiyyət tərəfindən qəbul olunmaq üçün özünü dəyişir, bu da uzun müddətdə daxili konflikt yaradır”.
Ekspert qeyd edib ki, fərdlər normallıq standartlarına uyğunlaşmaq istəyindən qorunmaq üçün özünü dəyərləndirməli, duyğularını gizlətməməli və daxili yükünü yaxınları ilə paylaşmalıdır:
“İlk növbədə biz anlamalıyıq ki, hər cəmiyyətin, hər mühitin, hər ailənin və hər şəxsin özünəməxsus “normallıq” anlayışı var. Hər kəsə uyğunlaşmağa çalışmaq çox yorucu olar. Əsas məsələ, əvvəlcə özümüzü tanımaq və “Mənim üçün vacib olan nədir?” sualına cavab tapmaqdır. Duyğularımızı gizlətməməliyik. Qorxumuzu, qəzəbimizi, daxilimizdəki stresi qəbul etməliyik. Unutmamalıyıq ki, hər gözləntiyə cavab vermək məcburiyyətində deyilik. Sərhəd qoymağı bilməli və bunu sakit, təmkinli şəkildə edə bilməliyik. Unutmamalıyıq ki, uyğunlaşmamaq zəiflik demək deyil. Özümüzə qarşı mərhəmətli olmalıyıq. Hər insan fərqlidir və hər yerə uyğunlaşmaq borcumuz yoxdur. Daxili yükünüzü dəyər verdiyimiz insanlarla- dostlar, ailə və ya psixoloqla bölüşərək azalda bilərsiniz”.

Lalə Qurbanlı
