00:00:00
Yazar
Aysel Mirzəyeva
30.04.2026 19:54 23 4 dəq oxuma
Sosial

Telefon yox, həyat sönür: Gənclər niyə real dünyadan uzaqlaşır?

Telefon yox, həyat sönür: Gənclər niyə real dünyadan uzaqlaşır?

Müasir dövrdə smartfonlar gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələr, oyunlar və onlayn platformalar günün böyük hissəsini əhatə edir. Nəticədə real ünsiyyət zəifləyir, insanlar getdikcə daha çox virtual aləmdə yaşayır. Bu vəziyyət həm psixoloji, həm də sosial baxımdan ciddi narahatlıq doğurur.

 

Mövzu ilə bağlı həm psixoloqun, həm də media ekspertinin fikirlərini öyrəndik. Psixoloq Aytən Ələkbərova “İnformator.az”a bildirib ki, telefon asılılığı əsasən insanın boşluğu düzgün idarə edə bilməməsindən və özünü nəzarətdə saxlamamasından yaranır:

 

“Təəssüf ki, bu gün telefon asılılığı artıq yalnız uşaqlarda deyil, gənclər, orta və hətta yaşlı nəsil arasında da geniş yayılıb. Elə bir vəziyyət yaranıb ki, insanlar real ünsiyyətdən uzaqlaşır, hətta bir-biri ilə söhbət edərkən belə səmimi gülüşün nə olduğunu unudurlar. Bəzən ailə daxilində belə telefon bir “qaçış vasitəsinə” çevrilir. Məsələn, valideynlər gündəlik problemlərdən yayınmaq üçün telefonla məşğul olmağa üstünlük verirlər. Bu isə göstərir ki, insanın özünü bu qədər idarə edə bilməməsi artıq bir xarakter zəifliyinə çevrilə bilər. Əslində telefon hər kəsin əlindədir, amma məsələ ondan necə istifadə etməkdədir. Bəzi insanlar işlərinə fokuslandıqları üçün telefondan asılı olmurlar, yalnız lazım olduqda istifadə edirlər. Lakin boş vaxt çox olduqda insanın diqqəti avtomatik olaraq telefona yönəlir”.

 

Həmçinin ekspert əlavə edib ki, sevdiyi işlə məşğul olan və düzgün yönləndirilən insan telefon asılılığını daha asan idarə edə bilir:

 

“Burada əsas məsələlərdən biri insanın sevdiyi işlə məşğul olmasıdır. Əgər gənclər öz istəkləri ilə deyil, valideyn təzyiqi ilə peşə seçirlərsə, bu zaman maraqsızlıq yaranır və nəticədə telefon asılılığı daha da artır. Sevdiyi işlə məşğul olan insan isə vaxtını daha səmərəli keçirir və bu cür asılılıqlardan uzaq durmağı bacarır. Digər tərəfdən, real ünsiyyət də zəifləyib. İnsanlar birlikdə vaxt keçirsələr belə, hər kəs öz telefonuna baxır. Bu isə qarşılıqlı marağın azalmasından irəli gəlir. Halbuki maraqlı söhbətlər, kitablar, filmlər haqqında müzakirələr insanları bir-birinə daha çox bağlaya bilər. Bu səbəbdən uşaqlar və gənclər kiçik yaşdan düzgün istiqamətləndirilməlidir. Hər kəsin alim olması vacib deyil, əsas odur ki, insan sevdiyi və bacardığı peşə ilə məşğul olsun. Bu zaman o, özünü daha yaxşı idarə edər və texnologiyadan asılı vəziyyətə düşməz”.

 

Media eksperti Səbuhi Abbasov da mövzu ilə bağlı fikirlərini bölüşüb:

 

“Son 15 ildə sosial şəbəkələrin sürətlə populyarlaşması ilə bu mövzu həm psixoloqlar, həm də mütəxəssislər tərəfindən daim müzakirə olunur. Sosial media platformaları inkişaf etdikcə daha da təkmilləşib və şaxələnərək artıq yalnız gənclərin deyil, yeniyetmələrin də həyatının ayrılmaz hissəsinə çevrilib. Smartfonlar və sosial şəbəkələr insanların işini asanlaşdırır, qısa zamanda geniş auditoriyaya çıxış imkanı yaradır. Bu, şübhəsiz ki, müsbət tərəfdir. Lakin digər tərəfdən, xüsusilə azyaşlıların erkən yaşda smartfonla təmin olunması onların müxtəlif tətbiqlərə, əsasən də oyunlara yönəlməsinə və nəticədə psixoloji asılılığın formalaşmasına səbəb olur”.

 

Həmçinin ekspert əlavə edib ki, asılılığın qarşısı üçün nəzarət və maarifləndirmə vacibdir:

 

“Bu asılılıq artıq bəzi ölkələrdə ciddi problem kimi qəbul olunur. Məsələn, Yaponiyada sosial media və smartfon asılılığının müalicəsi üçün xüsusi mərkəzlər fəaliyyət göstərir. Çünki hər kəs güclü iradəyə malik deyil və bəzi insanlar bu asılılığı həyatlarının əsas hissəsinə çevirə bilir. Hətta bəzi hallarda oyun və virtual mühitə həddindən artıq bağlılıq faciəvi nəticələrə - intihar hallarınadək gətirib çıxara bilir. Bu cür hadisələr dünyada tez-tez müşahidə olunur və təəssüf ki, Azərbaycanda da nadir hallarda olsa belə rast gəlinir. Bu səbəbdən əsas məsələ smartfondan düzgün istifadə vərdişinin formalaşdırılmasıdır. Burada valideynlərin, müəllimlərin və ümumilikdə ailə və təhsil mühitinin rolu olduqca böyükdür. Xüsusilə məktəblərdə maarifləndirici tədbirlər keçirilməli, şagirdlərə smartfonların faydalı və zərərli tərəfləri izah olunmalıdır. Eyni zamanda mediada, televiziya və YouTube kimi platformalarda bu mövzuda maarifləndirici proqramların sayı artırılmalıdır. Bununla yanaşı, bəzi ölkələrdə olduğu kimi qanunvericilik səviyyəsində də müəyyən məhdudiyyətlər tətbiq olunur və Azərbaycanda da bu istiqamətdə addımlar atılmaqdadır. Lakin bu tədbirlər problemi tam həll etmir, sadəcə müəyyən hissəsini azaltmağa kömək edir. Ümumilikdə isə problem getdikcə aktuallaşır. Gənclər real həyatda inkişaf etmək, mütaliə etmək və peşəkar fəaliyyətlə məşğul olmaq əvəzinə daha asan yolu - virtual dünyada vaxt keçirməyi seçirlər. Nəticədə isə illər ötür və bu vaxt real deyil, virtual mühitdə itirilmiş olur. Bu səbəbdən məsələyə kompleks yanaşma tələb olunur və xüsusi dövlət proqramının hazırlanması zəruridir. Əks halda gələcəkdə daha ciddi və çətin həll olunan problemlərlə qarşılaşmaq qaçılmaz olacaq”.

 

Arzu Poladova

#sönür: #niyə #xəbər #real
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər