Coffeeshop mədəniyyətinin yüksəlişi: Artan marağın səbəbləri
Son illərdə şəhər mədəniyyətində coffeeshopların sayı nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə gənclər arasında bu məkanlara maraq əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Bunun əsas səbəblərindən biri coffeeshopların yalnız içki satılan yer deyil, həm də sosiallaşma və rahat vaxt keçirmə məkanı kimi qəbul edilməsidir. Digər tərəfdən, keyfiyyətli qəhvə mədəniyyətinin inkişafı, müxtəlif ləzzətlərin təqdim olunması və estetik interyerlərin yaradılması coffeeshoplara olan marağı daha da artırır. Sosial şəbəkələrdə paylaşım üçün “aesthetic” məkanların çoxluğu gənclərin seçimini bu istiqamətə yönəldən əsas amillərdən biridir. Nəticədə coffeeshoplar artıq gündəlik həyatın bir hissəsinə çevrilib və insanlar üçün həm rahatlıq, həm də stile çevrilmiş bir vərdişdir.
“İnformator.az”a danışan müştəri Ağaəli Aşurov bildirib ki, son vaxtlar şəhərdə açılan coffeeshopların çoxalması məni çox sevindirir:
“Hər birinin özünəməxsus atmosferi var və insanı gündəlik stresdən ayırır. Burada həm dərs oxuya bilirəm, həm də dostlarımla xoş vaxt keçirirəm”.
“İnformator.az”a danışan digər müştəri Nigar Rzazadə bildirib ki, şəhərdə coffeeshopların sayının artması mənə seçim azadlığı verir:
“Hər dəfə fərqli bir məkana gedib yeni dadlar kəşf etmək çox xoşdur. Bu coffeeshopda isə ən çox xoşuma gələn şey sakit və təmiz atmosferdir”.
Banuçiçək Məmmədova
