00:00:00
Yazar
Ayan Sadi
09.11.2026 22:44 125 2 dəq oxuma
Gündəm

COP31 qlobal liderləri bir araya gətirəcək: 6 qitədən 102 lider iştirak edəcək

COP31 qlobal liderləri bir araya gətirəcək: 6 qitədən 102 lider iştirak edəcək

 

 

 

COP31 beynəlxalq iqlim gündəliyində mühüm hadisələrdən biri olacaq. Tədbirdə 6 qitəni təmsil edən 102 ölkə liderinin iştirakı gözlənilir. Bu, iqlim dəyişiklikləri ilə mübarizə, qlobal əməkdaşlığın gücləndirilməsi və ekoloji problemlərin həlli baxımından sammitin əhəmiyyətini bir daha ortaya qoyur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası çərçivəsində müzakirələr və dünya liderlərinin iştirakı bir sıra mühüm mövzuları əhatə edir:

 

‘İnkişaf etməkdə olan ölkələrin yaşıl keçid və iqlim dəyişikliklərinə uyğunlaşma ehtiyacları üçün vəd edilmiş maliyyə vəsaitlərinin ayrılması və bu vəsaitlərin mənbələri də müzakirə mövzuları sırasındadır. Qlobal istiləşmənin məqbul həddə saxlanılması, təmiz enerjiyə keçid və qalıq yanacaqlardan mərhələli şəkildə imtina prosesinin konkret yol xəritələrinin hazırlanması da müzakirə ediləcək məsələlərdəndir”.

 

Politoloq vurğulayıb ki, eyni zamanda, Paris Sazişinin uzunmüddətli hədəflərinə doğru ümumi irəliləyişin qiymətləndirilməsi prosesinin başlanması da müzakirə oluna bilər: 

 

“Qlobal enerji tələbatında elektrikin payının artırılması, enerji səmərəliliyinin üçdə birə çatdırılması, iqlim dəyişikliklərinə davamlı kənd təsərrüfatı sistemlərinin qurulması, su resurslarının qorunması və ərzaq təhlükəsizliyi məsələləri də diqqət mərkəzində olacaq. Bununla yanaşı, dairəvi iqtisadiyyat, tullantıların azaldılması və şəhər infrastrukturunun iqlim şoklarına qarşı dayanıqlığının artırılması məsələləri də müzakirə ediləcək”.

 

Tural İrfan müsahibəsində qeyd edib ki, dünya liderlərinin birgə iştirakı texniki danışıqlarda çıxılmaz vəziyyətdə qalan məsələlərə yüksək səviyyəli siyasi təkan verə və dövlətlər arasında konsensusun əldə olunmasını sürətləndirə bilər: 

 

“Türkiyənin təqdim etdiyi ikili idarəetmə və fəaliyyət yönümlü yanaşma çərçivəsində liderlər sadəcə kağız üzərində qalan vədlərdən praktiki tətbiqə, eləcə də enerji, nəqliyyat və kənd təsərrüfatı kimi sahələr üzrə birgə layihələrin həyata keçirilməsinə keçidi təmin edə bilərlər. Özəl sektorun və maliyyə qurumlarının cəlb edilməsi ilə su təchizatı, suyun duzsuzlaşdırılması, süni intellekt əsaslı kənd təsərrüfatı və yaşıl sənaye zonaları üzrə yeni razılaşmaların imzalanması da gözlənilir”.

 

Politoloqun sözlərinə görə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında maliyyə vəsaitlərinin mənbəyi, dövlət və özəl maliyyələşmənin nisbəti, eləcə də vəsaitlərə çıxış qaydaları ilə bağlı ciddi fikir ayrılıqları qalmaqdadır: 

 

“Dünyada davam edən müharibələr, ticarət böhranları və milli büdcələrin müdafiə və digər sahələrə yönəldilməsi iqlim maliyyəsinə ayrılan resursları məhdudlaşdırır. Türkiyənin ev sahibliyi etdiyi, Avstraliyanın isə rəsmi danışıqlara rəhbərlik etdiyi bu unikal modeldə tərəflər arasında mövqelərin uzlaşdırılması və texniki qrupların mətn razılaşmalarında ortaq məxrəcə gəlməsi əlavə diplomatik çətinliklər yarada bilər. Bütün bu məsələlərin COP31 çərçivəsində gündəmə gətiriləcəyi və geniş müzakirə olunacağı gözlənilir”,- deyə politoloq əlavə edib.

 

Nuray Dadaşzadə

 

#liderləri #azərbaycan #gündəm #xəbər #qlobal
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər