00:00:00
Yazar
Nərmin Həşimova
21.07.2026 23:42 28 2 dəq oxuma
Maraqlı

Çoxüzlü insanlar: Süni səmimiyyətin anatomiyası

Çoxüzlü insanlar: Süni səmimiyyətin anatomiyası

Həyatda elə insanlar var ki, onlara baxanda istər-istəməz düşünürsən: bunlar həqiqətən, belədir, yoxsa daim hansısa rolu oynayırlar? Onları tanımağın ən asan yolu isə üzlərindəki o süni, sanki öncədən məşq edilən təbəssümləridir. Elə gülümsəyirlər ki, adamın ağlına gələn ilk fikir budur: normal insan yanaq əzələlərini bu qədər nəzarətdə necə saxlaya bilər? Ən qəribəsi isə odur ki, həmin təbəssümün ömrü çox qısa olur. Bir qədər əvvəl qəhqəhə ilə güldükləri halda, saniyələr sonra üzləri sanki kəsir. Elə bil kimsə görünməz bir pultla onların mimikalarını idarə edir.


Belə insanlar reaksiyalarını da qəribə şəkildə yaşayırlar. Sənin başına gələn hadisəyə bəzən səndən daha çox təəccüblənər, səndən daha çox kədərlənər, hətta, səndən daha çox sevinərlər. Kənardan elə görünər ki, guya sənin həyatın onlar üçün səndən də vacibdir. Onların sevgisi də adətən, ölçüsüz olar. Adi bir "Sabahın xeyir" belə bir anda uzun-uzadı nəvaziş nümayişinə çevrilər. İlk baxışdan bu səmimiyyət təsiri bağışlasa da, bir müddət sonra hər şeyin şişirdilmiş və süni olduğu hiss olunur.


Bəzən isə o cür insanların reaksiyaları gecikə bilir. Danışdığın hadisəyə həmin an uyğun üz ifadəsini tapa bilmirlər. Elə bil əvvəlcədən xəbərdarlıq etməlisən ki, "bu hissədə gülmək olmaz", ya da "indi təəccüblənmək lazımdır". Sanki o zaman mimikalarını vəziyyətə uyğunlaşdırırlar. Dinləyirmiş kimi görünməyi də yaxşı bacarırlar. Səni diqqətlə dinləyirmiş təsiri yaradır, lazımi yerlərdə başını tərpədir, "hə", "doğrudan?" kimi reaksiyalar verir. Amma söhbət bitən kimi mövzu müəmmalı şəkildə yenə də onların ətrafında fırlanmağa başlayır. Bir başqa xüsusiyyətləri isə insanı şirin dillə incitmələridir. Tərif edirmiş kimi danışar, amma elə cümlələr qurarlar ki, sözün əsl mənasında yarana toxunarlar. Sözlər o an zahirən xoş səslənsə də, altında gizlənən eyhamı hiss etməmək olmur. Bu cür insanlar davranışlarını qarşılarındakı adama görə də dəyişirlər. Sənin yanında səmimi, mehriban və zarafatcıl görünərlər. Səndən uzaqlaşan kimi isə başqa birinin yanında elə sənin haqqında danışarlar. Sonra həmin adamın yanından ayrılıb eyni şeyi başqası barədə söyləyərlər. Onlar üçün əsas prinsip həqiqət deyil, kimlə danışdıqlarıdır.


Ən maraqlısı isə budur ki, əsəbiləşdiklərini də açıq göstərməzlər. Gülümsəyərək irad bildirər, nəzakətli sözlərin arasına incə sancmalar yerləşdirərlər. Elə davranarlar ki, guya problem onların deyil, sadəcə onlar sənin kobudluğuna böyüklük edib dözürlər. Əslində, bu cür insanların ortaq xüsusiyyəti bir cümlə ilə ifadə oluna bilər: onlar hisslərini yaşamırlar, sadəcə nümayiş etdirirlər. Hər təbəssüm, təəccüb, sevgi nümayişi və hər nəzakətli cümlə sanki əvvəlcədən məşq edilmiş bir tamaşanın bir hissəsidir. Tamaşa isə nə qədər peşəkar oynanılsa da, gec-tez maska üzdən düşür və süni səmimiyyət özünü büruzə verir.

#gündəm #süni #azərbaycan #anatomiyası #səmimiyyətin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər