Dövlət müəssisələri büdcəyə 30 faiz dividend ödəyəcək
Dövlətə məxsus müəssisələrin xalis mənfəətinin azı 30 faizinin dividend şəklində dövlət büdcəsinə köçürülməsi nəzərdə tutulur. Yeni qayda dövlət büdcəsinin gəlirlərinin artırılması, eyni zamanda dövlət şirkətlərində maliyyə intizamının gücləndirilməsi məqsədi daşıyır. Ekspertlər bildirirlər ki, bu qərar dövlət müəssisələri üçün tamamilə yeni mexanizm deyil, lakin ilk dəfə vahid və məcburi qayda kimi tətbiq olunacaq.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, dövlət müəssisələrinin dividend ödəməsi yeni praktika deyil:
“Əvvəl də dövlət müəssisələri dividend ödəyirdilər. Yəni bu o demək deyil ki, ilk dəfə belə bir proses baş verir. Sadəcə olaraq, indi dövlət başçısının sərəncamı ilə bu məsələ artıq qayda şəklinə salınır və bütün dövlət şirkətləri üçün məcburi xarakter alır.Yeni mexanizmin əsas fərqi onun daha aydın və şəffaf çərçivədə müəyyənləşdirilməsidir.Burada əsas şərt ondan ibarətdir ki, beynəlxalq maliyyə hesabatı standartlarına uyğun hazırlanmış hesabatlarda əks olunan xalis mənfəətin ən azı 30 faizi dövlət büdcəsinə yönəldilməlidir. Yəni xərclər çıxıldıqdan, bütün öhdəliklər yerinə yetirildikdən sonra qalan xalis mənfəətdən söhbət gedir.Bu praktika əslində özəl sektorda da geniş yayılıb.Şirkətlərdə səhmdarlar bu cür qərarlar verirlər. Bəzən xalis mənfəətin hamısı dividend kimi götürülür, bəzən yarısı, bəzən isə yalnız bir hissəsi. Bu, korporativ idarəetmədə normal bir təcrübədir. Dövlət müəssisələri üçün də bu mexanizmin tətbiqi qeyri-adi hal deyil.İndiyə qədər dövlət müəssisələrində dividend məsələsi müxtəlif qurumların qərarları ilə tənzimlənirdi.
Əvvəllər dövlət müəssisələrində dividend siyasəti Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və ya müşahidə şuraları vasitəsilə müəyyən edilirdi. Son dövrlərdə isə bu proses daha çox Azərbaycan İnvestisiya Holdinqi və ASKON-un qərarları ilə tənzimlənirdi.Yeni qərarla artıq bu sahədə vahid regulativ mexanizm formalaşdırılır.İndi isə görünür ki, dövlət bu sahədə ümumi bir qayda müəyyənləşdirir: kim xalis mənfəət əldə edirsə, onun 30 faizini dövlət büdcəsinə ödəməlidir. Bu, idarəetmədə daha sistemli yanaşmanın formalaşmasına xidmət edir”.
Xalid Kərimli vurğulayıb ki, bu qərar dövlət müəssisələrinin xərclərini avtomatik olaraq azaltması demək deyil:
“Bu addım o demək deyil ki, dövlət müəssisələri bundan sonra az xərcləyəcək və ya daha az investisiya edəcək. Çünki dividendlər xərclər çıxıldıqdan sonra yaranan xalis mənfəətdən ödənilir. Yəni bütün əməliyyat xərcləri, investisiyalar və digər öhdəliklər artıq hesabatlarda nəzərə alınır.Bu qərarın qiymət artımına birbaşa təsiri gözlənilmir.Burada birbaşa qiymət artımına səbəb olacaq mexanizm yoxdur. Çünki dividend ödənişi istehsal və ya xidmət xərclərinə əlavə olunan bir element deyil. Söhbət artıq qazanılmış və xərclərdən sonra qalan vəsaitdən gedir.Yeni qayda büdcə gəlirlərinə müsbət təsir göstərə bilər.Əgər dövlət müəssisələri effektiv işləyirsə və mənfəət əldə edirsə, bu dividendlər büdcə üçün əlavə vəsait mənbəyidir. Eyni zamanda, bu yanaşma dövlət şirkətlərində maliyyə intizamını və hesabatlılığı da gücləndirə bilər”.
Ayşə Müzəfərli
