00:00:00
Yazar
Ayan Sədi
12.04.2026 13:35 85 2 dəq oxuma
Sosial

Dərman dövriyyəsində şəffaflıq: Ekspertlərin tibbi-hüquqi rəyi

Dərman dövriyyəsində şəffaflıq: Ekspertlərin tibbi-hüquqi rəyi

Müasir səhiyyə sistemində xəstə, həkim və əczaçı arasındakı zəncirin ən həssas halqası reseptlərin icrası prosesidir. Apteklərdə bəzi preparatların tapılmaması fonunda təklif olunan "alternativ dərmanlar" həm tibbi etika, həm də hüquqi legitimlik baxımından ciddi suallar doğurur.

 

Mövzu ilə bağlı əczaçı Günel Ağayeva bildirib ki, aptekdə dərman çatışmazlığı zamanı tətbiq edilən əvəzləmə prinsipi ciddi peşəkar meyarlara söykənməlidir:

 

"Resept əsasında müraciət edən pasiyent üçün ilk növbədə həkimlə məsləhətləşmək bizim peşə borcumuzdur. Yalnız həkimlə əlaqə yaratmaq mümkün olmadıqda və dərmanın qəbulu təxirəsalınmaz xarakter daşıdıqda əvəzləməyə gedilə bilər. Lakin burada fundamental şərt dəyişdirilən dərmanın tərkibi və dozasının birə-bir eyni olmasıdır. Unutmaq olmaz ki, hər dərman "molekul" və ya "qida əlavəsi" kateqoriyasına görə fərqlənir və uyuşmazlıq riskləri mövcuddur. Biz pasiyenti bu barədə ətraflı məlumatlandırmalı, prosesin hər bir detalını izah etməliyik".

 

Hüquqşünas Ayxan Məmmədli isə məsələnin hüquqi müstəvisinə toxunaraq "İnformator.az"a açıqlamasında bildirib ki, əczaçının səlahiyyət çərçivəsi mövcud qanunvericiliklə kəskin şəkildə məhdudlaşdırılır:

 

"Həkimin dəqiq brend adı ilə yazdığı resept əczaçı üçün üstün hüquqi qüvvəyə malikdir və icazəsiz dəyişiklik yolverilməzdir. Azərbaycan praktikasında bu proses "məhdud səlahiyyət" prinsipinə əsaslanır. Əgər dərmanın əvəzlənməsi nəticəsində xəstənin səhhətində ağırlaşma baş verərsə, bu, sadəcə inzibati xəta deyil, həm də mülki və ciddi hallarda cinayət məsuliyyəti yaradır. Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən sanksiyalar inzibati cərimələrdən başlayaraq, aptekin lisenziyasının ləğvinə qədər uzana bilər".

 

Hər bir dəyişikliyin sənədləşdirilməli və əsaslandırılmalı olduğunu vurğulayan hüquqşünas vətəndaşları rəqəmsal və hüquqi müdafiə mexanizmlərindən istifadə etməyə çağırıb:

 

"Zərərin səbəbi mütləq şəkildə ekspertiza və farmakovigilans sistemi vasitəsilə araşdırılır. Vətəndaşlar hüquqlarının pozulduğunu düşündükdə Səhiyyə Nazirliyinə və məhkəmə orqanlarına müraciət etmək imkanına malikdirlər. Əsas məqsəd apteklərdə dərman dövriyyəsinin şəffaflığını və ən önəmlisi, xəstənin təhlükəsizliyini təmin etməkdir".

 

Aptek piştaxtası arxasında verilən qərarlar sadəcə satış deyil, birbaşa insan həyatına müdaxilədir. Dərman əvəzlənməsini bir "məcburi çıxış yolu" kimi deyil, yalnız peşəkar və hüquqi çərçivədə icra olunan istisna hal kimi qəbul etmək sağlamlığın ən etibarlı sığortasıdır.

 

Lalə Əhməd

#dərman #ekspertlərin #xəbər #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər