00:00:00
Yazar
Admin User
16.11.2023 15:52 432 3 dəq oxuma
Sosial

Dünən rus dilində böyüyən uşaqların böyütdüyü uşaqlar indi türkçə danışır

Dünən rus dilində böyüyən uşaqların böyütdüyü uşaqlar indi türkçə danışır

"Sovet dönəmində rus dilini mükəmməl bilməyənləri rəhbər vəzifələrə götürmürdülər. Bundan əlavə, əksər sənədləşmə işləri rus dilində olduğundan insanlar bu dili bilməyə can atırdılar. Bu, rus dilinə olan sevgidən deyil, məcburiyyətdən irəli gəlirdi. Elə Çar Rusiyası dönəmində də rus dilində təhsil alan azərbaycanlı gənclər Gürcüstanda Qori Seminariyasında, mərkəz Moskvada, Sankt-Peterburqda təhsillərini artıra bilərdilər".

 

Bu sözləri informator.az-a açıqlamasında yazar İradə Aytel bildirib. Yazar deyir ki, Sovet dönəmində rusdillilər daha tez irəli çəkilir, daha tez vəzifə tuturdu.

 

"Oxumaq, təhsil almaq, yüksəlmək, xalqına gərəkli bir vətəndaş olmaq üşün məcburən bu dildə danışanların qarşısında başqa bir problem də dururdu. Onlar beynəlmiləl bir ittifaqın vətəndaşı olaraq SSRİ tərkibindəki başqa xalqların nümayəndəsi ilə evlənəsəydilər, yuxarılar daha çox məmnun qalardı. Daha tez partiya sıralarına qəbul olar, daha tez kürsü sahibi olardılar. Zaqafqaziyalı olaraq erməni və yaxud rus qadını ilə evlənən azərbaycanlı bəy məcbur idi ki, ailədə rus dilində danışsın. Beləliklə, böyüyən uşaqlar da rusca danışırdı. Axı, həm də onlar ziyalı, elit təbəqəyə can atan bir ailənin uşaqları idi, ona görə də təhsil də rus dilində olurdu".

 

İradə Aytelin sözlərinə görə, bu günümüzə gəlib çatan rusdilli ailələr sovet dövrünün ziyalı (yaxud ziyalı ailələrə bənzəmək istəyənlər), elit (yaxud elit olmağa cəhd edənlər) ailələrinin davamçılarıdır.

 

“Azərbaycan dilində yazmayan xalq yazıçısı Çingiz Abdullayevin adı çəkilir və tənqidə məruz qaldığını söylənilir. Diqqət edin, onu kimlər tənqid edir – Azərbaycan üçün heç bir iş görməyənlər, Abdullayevin yazdıqlarından və fəaliyyətindən xəbəri olmayanlar, elmli olsa da, zəkası zəiflər və nəhayət küyə düşən kütlə. Ziyalılar, savadlılar, vətənini sevənlər isə Çingiz Abdullayevi çox sevir və onu tənqid etməklə özünü, sözünü, ölkəsini aşağılamır. Abdullayev bizim çox dəyərli ziyalımız, dünyaca məşhur bir yazıçıdır. Biz ilk olaraq ona sevinməliyik ki, Azərbaycan detektivini dünyaya tanıdan belə bir yazıçımız var”.

 

Müsahib eyni zamanda qeyd edir ki, Abdullayev öz doğma dilində yazmır. Bu da sovet dövrünün fəsadlarındandır ki, ziyalı bir ailədə böyüyən ali təhsilli, mədəni gənc rus dilində oxumağa məhkum olub.

 

"O, yazılarında rusca yazır. Bəs düşüncələrində də rus düşüncəlidirmi? Qətiyyən! Çingiz Abdullayev təpədən-dırnağa azərbaycanlıdır. Ölkəsinin hər bir insanını, daşını, ağacını sevən bir vətənpərvərdir. Hamımızın gözü qarşısında baş verən 44 günlük tariximizə nəzər salaq. Çingiz Abdullayev ən qabaqcıl xarici telekanallarda haqq səsimizi dünyaya elə çatdırırdı ki, sıradan bir yazıçının siyasi bir dildə bu qədər anlaşıqlı danışması hamını heyran qoyurdu”.

 

Yazar diqqət etməli olduğumuz bir nöqtəni göstərir ki, Ç.Abdullayev Azərbaycan dilində səlist danışa bilmir, ancaq hansısa müsahibəsində onun başqa dildə danışdığını eşitmisinizmi?

 

"O, fikrini öz vətəndaşlarına doğma dilində çatdırır. Bu həqiqətin özü də Abdullayevin dilini və xalqını sevməyinin göstəricisidir”.

 

Bəs, Azərbaycanda öz dilimizi inkişaf etdirmək üçün nələr etməliyik?

 

"Efirlərdə Azərbaycan dilində səlist danışan insanlar çalışmalı, öz dilimizdə maraqlı verilişlər çəkilməlidir. Ən başlıcası isə uşaqlar üçün olan verilişlərin sayı artırılmalıdır."

 

Müsahib əlavə edir ki, dünən rus dilində böyüyən uşaqların böyütdüyü uşaqlar indi türkçə danışır.

 

"Ona görə ki, türkçə daha maraqlı cizgi filmlər, uşaq verilişləri çəkilir və əksər uşaqlar türk proqramlarına baxır və dili türkçə inkişaf edir. İkinci növbədə, ilk olaraq uşaqlar üçün maraqlı əsərlər yazılmalıdır."

 

İradə Aytelin fikrincə, ölkədə iş yerləri açılmalıdır.

 

"Gənclər universiteti qurtarandan sonra iş tapmaq üçün xarici dilə daha çox üstünlük verməməlidir."

 

Eyni zamanda yazar əlavə edir ki, ailələr də uşaqlarının nitqinə diqqətlə yanaşmalıdır.

 

"Yad dildən götürülmüş söz ifadə edən uşağa anlatmaq lazımdır ki, işlətdiyin söz bizim dildə deyil. Öz dilimizin daha gözəl, səlist, şirin olduğu uşağa izah edilməli və öz dilimiz sevdirilməlidir."

 

Yazar sonda onu da deyir ki, bugünkü gənclik otuz il əvvəlki gənclikdən qat-qat yüksəkdir və öz dilini sevir.

 

"Bizim zamanımızda bu məsələ daha bərbad vəziyyətdə idi. İndi isə diqqət edirəm, təhsilli, müasir gənclərin əksəriyyəti nitqinin təmizliyinə diqqət edir. Mən gənclərə inanıram və gələcəyimizin (dilimizin, elmimizin, mədəniyyətin, ədəbiyyatın, incəsənətin və s.) etibarlı əllərdə olduğuna əminəm”.

 

Aynur Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər