00:00:00
Yazar
Admin User
23.12.2025 18:41 97 2 dəq oxuma
İqtisadiyyat

Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neft qiymətlərində artım qeydə alınıb.

 

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2026-cı ilin fevral ayı üçün ixrac müqaviləsinin qiyməti 0,88 % artaraq bir barel üçün 61 ABŞ dolları təşkil edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib ki, ümumiyyətlə, götürəndə, son günlərdə neftin qiymətində baş verən dəyişikliklər bir neçə əsas amillə izah olunur:

 

"Bir tərəfdən, Rusiya və Venesuela neftinin bazara kütləvi şəkildə daxil olması ehtimalı ilə bağlı gözləntilərin müəyyən qədər səngiməsi, digər tərəfdən isə son həftələrdə neftin qiymətində müşahidə olunan kəskin ucuzlaşmadan sonra bazarda baş verən korreksiya prosesi qiymətlərin az da olsa artmasına səbəb olub. Hazırkı şərtlər daxilində qiymət artımları çox kiçik səviyyədədir və bu dəyişikliklər gün ərzində bir neçə dəfə baş verə bilər. Yəni bu hal bazarın normal işləmə prinsipləri çərçivəsində müşahidə olunan bir vəziyyətdir. 

 

Qeyd edim ki, ötən dövrlərdə neftin qiymətində ciddi ucuzlaşmalar baş verib.Son bir ildə neftin qiyməti 24%-dən artıq azalıb, son üç ayda bu rəqəm 11,4%-dən artıq neftin qiyməti ucuzlaşıb , son bir ayda isə təxminən *2%* ucuzlaşma qeydə alınıb.Son bir həftə ərzində isə qiymətlər hətta bir barel üçün 57-58 dollar səviyyəsinə qədər enib.

 

Yəni qiymətlərdə hazırda müşahidə olunan 1-2 faizlik artım daha çox korreksiya xarakteri daşıyır və bazarda gözlənilən bəzi siyasi proseslərin tam baş verməməsi ilə bağlıdır. Bu səbəbdən, bunu kəskin artım kimi dəyərləndirmək doğru olmaz. Qısamüddətli dövrdə, qiymət artımı neft ixracatçısı ölkələr üçün müsbət haldır. Bu, həmin ölkələrin neftdən əldə etdiyi gəlirlərin artmasına səbəb olur. Lakin orta və uzunmüddətli perspektivdə bu artımın mənfi təsirləri də ola bilər. Çünki bir çox neft ölkələrinin, o cümlədən, Azərbaycan, Venesuela və Yaxın Şərq ölkələrinin iqtisadiyyatları kifayət qədər şaxələnməmiş və neftdən asılıdır. Belə ölkələr, eyni zamanda, idxal məhsullarından da asılı vəziyyətdədirlər. Neftin qiymətinin artması isə beynəlxalq bazarlarda mal və xidmətlərin qiymətinə təsir göstərir və qlobal inflyasiyanı sürətləndirir. Bu isə, bir tərəfdən ixracatçı ölkələrə əlavə gəlir qazandırsa da, sonradan inflyasiyanın artması nəticəsində həmin gəlirlərin real dəyəri azalır. Yekun olaraq qeyd edə bilərik ki, indiki mərhələdə neftin qiymətindəki kiçik artımlar bazar daxilində normal dalğalanmalardır və kəskin dəyişikliklər müşahidə edilmir. Amma qiymətlərin gələcək dinamikası bir çox geosiyasi və iqtisadi faktorlardan asılı olacaq".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər