Dünya bazarlarında neftin qiyməti artıb
Dünya bazarlarında neft qiymətləri artmaqda davam edir. “ICE London” qitələrarası birjasında 2025-ci ilin fevral ayı üzrə “Brent” markalı neftin qiyməti 0,11% bahalaşaraq bir barel üçün 62,52 ABŞ dolları təşkil edib. Nyu-Yorkun "NYMEX" əmtəə birjasında isə “WTI” markalı neftin yanvar fyuçerslərinin dəyəri 0,14% artıb və bir barelin qiyməti 58,72 ABŞ dollarına çatıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, neft qiymətlərinin gündəlik dəyişməsi təbii hadisədir:
"Neft bəzən azalır, bəzən artır və bunun Azərbaycan iqtisadiyyatına birbaşa təsiri olmur. Azərbaycan iqtisadiyyatına təsirlər daha çox aylıq, rüblük, yarımillik və illik orta qiymətlərlə müəyyənləşir. Son yarım ili nəzərə alsaq, neft qiymətlərində ucuzlaşma müşahidə olunur. Yəni ilin əvvəlindən bəri qiymətlərdə müəyyən enmələr var. Təbii ki, neftin qiyməti nə qədər ucuzlaşırsa, Azərbaycanın gəlirləri də o qədər azalır. Əksinə, qiymət artdıqca gəlirlər artır. Ona görə də gündəlik dəyişikliklər ciddi əhəmiyyət daşımır, əsas meyar orta qiymətdir. Hazırda bu il üçün Azərbaycan neftinin orta qiyməti 70 dollar civarındadır. Bu da kifayət qədər qənaətbəxş səviyyə sayılır. Amma gələn il üçün bu səviyyənin qorunub saxlanacağı hələ ki, qeyri-müəyyəndir və sual altındadır".
Aişə Mustafayeva
