00:00:00
Yazar
Admin User
05.12.2025 18:24 115 3 dəq oxuma
İqtisadiyyat

Dünya miqyasında dollar milyarderlərinin sayı artıb

Dünya miqyasında dollar milyarderlərinin sayı artıb

İsveçrənin UBS bankının araşdırmasındakı məlumata görə, dünya üzrə dollar milyarderlərinin sayı 2025-ci ilin aprel ayı üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 287 nəfər artıb.

 

Dünyada 416 yeni dollar milyarderinin yarandığı 2021-ci il istisna olmaqla araşdırmanın aparıldığı müddət ərzində ən böyük artımdır. Hazırda dünyada 2 919 milyarder var, onlardan 2 545-i kişi, 374-ü qadındır. Onların ümumi sərvəti il ərzində 13% artaraq 15.8 trilyon dollara çatıb.

 

Ən çox dollar milyarderi ABŞ-də yaşayır (924). İkinci yerdə Asiya-Sakit okean regionu, ardınca Avropa, Yaxın Şərq və Afrika gəlir.

 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, milyarderlərin sayındakı artım gəlir bərabərsizliyinin nəticəsi kimi qiymətləndirilir:

 

“Milyarderlərin sayında müşahidə edilən kəskin artım dinamikası son illərdə dərinləşməkdə olan gəlirlərin bölüşdürülməsi mexanizminin qeyri-işləkliyindən və gəlirlərin təmərküzləşməsindən, gəlir bərabərsizliyindən qaynaqlanır. Eyni zamanda, təbii ki, müasir dövrdə pul sərvət yaradır. Deyək ki, əlində vəsaitləri olan şəxslər, xüsusilə də digital texnologiyalar sahəsində rasional investisiyalar edirlərsə, çox sürətlə, qısamüddətli dövrdə zənginləşə bilirlər. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, müasir dövr həmçinin yeni idealara, yeni ağlabatan və özü ilə paralel olaraq ciddi həllər gətirən ideyaların qlobal bazarda sürətlə yayılmasına və bu ideya sahibinin milyonerə, milyarderə çevrilməsinə də şərait yaradır. Bununla yanaşı, 2025-ci ildə passiv yığım aləti olaraq istifadəsinə üstünlük verilən qızılın qiymət artımı da prosesə təsir edib”.

 

Ekspert qeyd edib ki, ABŞ-nin innovasiyaları dəstəkləyən ekosistemi yeni milyarderlərin yaranmasına şərait yaradır:

 

“Son yüz ildə ən azından hər zaman ABŞ dünya milyarderlərində ən böyük paya malik olub. Bu, o iqtisadi modelin liberal və eyni zamanda rəqabətə daha çox üstünlük verilən, həmçinin institutların düzgün işlədiyi demokratik idarəetmə modelinin nəticəsi olaraq da ortaya çıxır. Təbii ki, ABŞ iqtisadiyyatının özü dünyanın ən böyük iqtisadiyyatıdır. Dünyadan ən böyük payı alan ABŞ iqtisadiyyatı bu gəlirlərin əhəmiyyətli hissəsini müəyyən sosial qruplarda təmərküzləşdirməsinə gətirib çıxarır. ABŞ-nin özü də gəlirlərin ən sərt şəkildə qeyri-bərabər bölüşdürüldüyü ölkələrdən biridir və bu da gəlirlərin əhəmiyyətli hissəsinin əhalinin bir faizinə doğru yönəlməsinə gətirib çıxardır. Eyni zamanda ABŞ ekosistemi yenilikləri, xüsusilə də innovativ texnologiyalar sahəsindəki startapları dəstəkləməklə özlüyündə davamlı olaraq milyarderlər yaradır. Bu, ABŞ iqtisadiyyatının xüsusiyyətindən irəli gələn bir məsələdir.

 

Mən düşünürəm ki, təbii ki, bu dövr ərzində də gəlir bərabərsizliyinin dərinləşməsi, eyni zamanda dolların özünün də bu və ya digər şəkildə dəyərini itirməsi kontekstində və rəqəmsal və digital texnologiyalar sahəsində yeni şirkətlərin ortaya çıxması və ideyaların daha çox aktuallaşması bu və ya digər şəkildə paralel olaraq milyarderlərin sayının artmasına gətirib çıxaracaq. Amma burada növbəti mərhələdə bu milyarderlərin sırasında artıq qadınların xüsusi çəkisinin artdığını müşahidə etmiş olacağıq deyə düşünürəm”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər