Dünyanın yeni bəlası - KİBERCİNAYƏT
Zaman dəyişir, texnologiya inkişaf edir. Bu dəyişim artıq insanlığı da öz ağuşuna almağı bacarıb. Nəzərə alsaq ki, sosial şəbəkələr milyonlarla insanın saatlarla vaxt keçirdiyi yerdir, o zaman onu yeni dünya da adlandıra bilərik. Aparılan araşdırmalara görə qlobal cəmiyyətdə əhalinin yarısından çoxu, yəni üçdə ikisi internet bağlantısına sahibdir. Sosial şəbəkə istifaədəçiləri isə insanlığın 20%-ni təşkil edir. Hətta informasiya texnologiyalarından, xüsusən də internetdən beynəlxalq asılılıq davamlı şəkildə yüksəlir.
Bəs insanlar kiberdünyanın yaşam şərtləri ilə nə qədər ayaqlaşa bilirlər? Öz təhlükəsizliklərini nə qədər qoruya bilirlər?
Bəlkə də bilmirlər. Suallar çoxdur, çalışaq cavablarını da tapaq.
İlk olaraq yaşamaq üçün təhlükəni görmək, onunla mübarizə aparacaq yolları tapmaq vacibdir. Amma günümüzdə təhlükəsizlik tədbirlərinə əməl etmədən yeni dünyada yaşamağa çalışan saysız-hesabsız insan var.
Bəs kibertəhlükəsizlik nədir?
Kibertəhlükəsizlik informasiya təhlükəsizliyi üzərində aparılan tədbirlər toplusudur.
Bəs bu toplu yeni dünya sakinlərinə nə üçün lazımdır?
Təbii ki kibercinayətlərdən müdafiə üçün.
Məlumdur ki, qurulmuş bir sistem varsa, bu sistemi pozmağa çalışanlar da var. Yeni düyada isə bu kibercinayət sayılır. Kibercinayətlərdən qorunmaq isə heç də asan iş deyil. Kiberhücumların vurduğu ziyanın əhatəsi - kiberdünyanın sakinlərindən tutmuş, dövlət qurumlarına, idarəetmə sistemlərinə, “ağıllı” adlanan bütün texnoloji ekosistemə, kritik infrastruktur sistemlərinə və sairəyə qədər kəskin şəkildə genişlənməkdədir. Bəlkə də bu səbəbdən kibercinayətkarlıq- qlobal sosial bəla hesab olunur. İnsan hüquqlarına, demokratiyaya, qanunun aliliyinə, eləcə də beynəlxalq sülh və sabitliyə qarşı əhəmiyyətli təhlükəyə çevrilməklə yanaşı, böyük ictimai-siyasi təsirlərə malikdir.
Kibercinayətkarlar hücum hədəflərini necə seçirlər? Kibercinayətkarlar hücum hədəflərini şəxsi maraqlarına uyğun olaraq seçirlər.Bu maraqlardan biri də dələduzluq yolu ilə pul əldə etməkdir.
Bəs hansı kiberdələduzluqlar daha sıx yaşanır?
Şəxsi məlumatların oğurlanması, xaricdən pul təklifləri; Uduşlar/Mükafatlar/Lotereyalar.
Oxuduqca bəlkə də bu variantlar sizə olduqca tanış gələcək. Bəlkə də nə vaxtsa kibercinayətin qurbanı olmusunuz, bəlkə də son anda vəziyyəti başa düşmüsünüz...
Bəs ölkədə bu cinayətlərin qarşısını almaq üçün hansı tədbirlər görülür? Yetəri qədər mütəxəssis varmı?
Var. Azərbaycanda kifayət qədər kibertəhlükəsizlik mütəxəssisi var. Çox yox, iki il geriyə qayıtsaq, vətən müharibəsi dövründə mütəxəssislərimizin nələrə qadir olduqlarının şahidi olarıq. Mütəxəssislər kibermüharibədə həm hücumun, həm da müdafiənin haqqınıverməyi bacarmışdılar.
Kibermüharibə isə başqa mövzudur. Mövzudan çox da yayınmadan əsas fikrin xülasəsinə gələk.
Mütəxəssislərdən öncə hər kəs özünü kiber bəlalardan müdafiə etməyi bacarmalıdır. Ən azından istifadə etdikləri sosial şəbəkələrin təhlükəsizlik tədbirləri ilə yaxından tanış olmalı, şəxsi məlumatlarını vacib olmadığı halda ikinci şəxslərlə bölüşməməlidirlər. Bütün ehtiyat tədbirlərini gördükləri halda əgər yenə də qurbana çevrilirlərsə, müvafiq orqanlara həmin anda şikayət etməkləri məqsədə uyğundur.
Bir daha qeyd etmək lazımdır ki, Azərbaycanda kiberdələduzlarla mübarizə apracaq kifayət qədər kibermütəxəssis var...
Şəbnəm Fərmanlı
