00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
07.09.2026 22:40 47 2 dəq oxuma
Maraqlı

Damar yolu ilə verilən serumlarda ‘mikroplastik’ təhlükəsi

Damar yolu ilə verilən serumlarda ‘mikroplastik’ təhlükəsi

Çukurova Universitetinin Su Məhsulları Fakültəsinin müəllimi Prof. Dr. Sedat Gündoğdu, müəllim Dr. Uğur Çağlayan və Danimarkanın Roskilde Universitetində çalışan Dr. Kristian Syberg və Tiffany Ramos mikroplastiklərlə bağlı böyük təhlükəni ortaya qoyan birgə araşdırma aparıblar.

 

Araşdırma çərçivəsində bazarda satılan PVC və polipropilen qablaşdırmalı serumlar araşdırılıb və onların tərkibindəki mayelərdə mikroplastiklərin olub-olmadığı yoxlanılıb. Diqqətçəkən nəticələrin əldə edildiyi bu araşdırma elmi və akademik, resenziyalı “Environmental Toxicology and Pharmacology” jurnalında dərc olunub.

 

Bir il davam edən araşdırmanın təfərrüatlarını açıqlayan Dr. Uğur Çağlayan bildirib:

 

“Çukurova Universitetinin Mərkəzi Laboratoriyasında apardığımız araşdırma üçün bölgəmizdəki apteklərdən müxtəlif tip qablaşdırmalarda olan serum mayeləri topladıq. Bu mayeləri xəstəyə verildiyi kimi filtrdən keçirdik və filtr üzərində qalan polimerləri - mikroplastik adlandırdığımız hissəcikləri - qabaqcıl Raman analizi ilə müəyyən etdik. 13 müxtəlif markadan götürdüyümüz serum məhsullarının 1 litrində 65 ədəd mikroplastik olduğunu aşkar etdik".

 

 

Qanda aparılan bir araşdırmada damarlardakı lövhələrdə (aterosklerotik plakalarda) mövcud olan mikroplastiklərin infarkt riskini ciddi şəkildə artırdığının müəyyən edildiyini bildirən Prof. Dr. Sedat Gündoğdu isə deyib:

 

“Lakin damarlarda bu qədər mikroplastikin necə toplandığı ilə bağlı araşdırma yox idi. Bu tədqiqatla damar yolu ilə verilən mayelərin birbaşa mikroplastik məruz qalmasına səbəb olduğunu ortaya qoyduq.

 

Araşdırmanın nəticələrinə əsasən, OECD ölkələrində bir insanın xəstəxanada qalma müddəti üzərindən apardığımız hesablamada, həmin şəxsin yalnız bu müalicə üsulu -damar yolu ilə verilən mayelər vasitəsilə - bir il ərzində təxminən 200–350 ədəd mikroplastiki orqanizminə qəbul etdiyi qənaətinə gəldik".

 

Xüsusilə səhiyyə sektorunda plastikə məruz qalmanın azaldılmasının vacibliyini vurğulayan Prof. Dr. Gündoğdu bildirib:

 

“Plastikin insanlarla və digər canlılarla bu qədər yaxın təmasda olması məsələsini artıq yenidən nəzərdən keçirməliyik. Aparılan araşdırmalar plastikin Parkinson, Alzheimer, demensiya, infarkt və şişlərin yaranması ilə ciddi əlaqələrinin olduğunu göstərir.Məsələyə yalnız plastik kimi də yanaşmaq olmaz. Plastikin istehsalı zamanı istifadə olunan kimyəvi maddələrin də müxtəlif xərçəng xəstəlikləri və hormonal pozğunluqlarla birbaşa əlaqəli olduğu bildirilir.

 

Xüsusilə tibbi müalicələrdə plastikdən istifadənin məhdudlaşdırılması, ciddi sınaq və nəzarətin aparılması və mümkün qədər şüşə serum qablarından istifadə edilməsi məqsədəuyğun olardı".

Səkinəbəyim Cəfərova 

Xəbər Türk 

#gündəm #yeni #yolu #təhlükəsi #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər