“Danimarka ilə əməkdaşlıq Azərbaycanın Avropada iqtisadi imicini gücləndirir”
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Danimarka ilə ticarət dövriyyəsi 74,9 milyon dollar təşkil edib. Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 80,6% çoxdur.
Mövzu ilə bağlı Coğrafiya üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Famil Niftiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın Danimarka ilə ticarət dövriyyəsinin 80%-dən çox artması bir neçə mühüm amillə bağlıdır:
“İlk növbədə, Azərbaycanın ixrac strukturunda enerji məhsullarının xüsusi çəkisi böyükdür. Avropa İttifaqı ölkələrinin, o cümlədən Danimarkanın enerji təhlükəsizliyi məsələsinə daha həssas yanaşması bu ticarət artımını stimullaşdırıb. Enerji daşıyıcılarının qiymətlərindəki dəyişkənlik də ixracın dəyər ifadəsində yüksəlməsinə səbəb olub. Bundan başqa, Azərbaycanın qeyri-neft sektoru üzrə Avropa bazarlarına çıxış imkanlarını genişləndirməsi, kənd təsərrüfatı, kimya və metallurgiya məhsullarının ixracını artırması da mühüm amillərdəndir. Danimarka kimi yüksək texnologiya və innovasiya yönümlü bir bazar ilə əlaqələrin genişlənməsi Azərbaycanın strateji məqsədlərinə Avropada daha çox iqtisadi tərəfdaşlıq imkanları əldə etməsinə xidmət edir. Digər tərəfdən son illərdə Azərbaycan hökumətinin Avropa ilə ticarət münasibətlərini şaxələndirmək üçün yaratdığı hüquqi baza, imzalanan müqavilələr və gömrük prosedurlarının sadələşdirilməsi də bu artımı sürətləndirib. Azərbaycanın Danimarka ilə ticarət balansında ixracın idxaldan yüksək olması bir sıra iqtisadi üstünlüklər yaradır. Əvvəla, bu, ölkənin xarici ticarət balansının müsbət olduğunu göstərir və valyuta daxilolmalarını artırır. İxracın üstünlüyü Azərbaycanın beynəlxalq ödəniş imkanlarını genişləndirir. Xarici valyuta ehtiyatlarını gücləndirir və manatın məzənnəsinin sabitliyinə dəstək olur. Digər tərəfdən, idxaldan çox ixracın həyata keçirilməsi iqtisadi təhlükəsizliyi artırır. Çünki ölkə daha az asılı vəziyyətə düşür və daxili istehsalın rolunu gücləndirir. Burada qeyri-neft ixracının payı artdığı halda, bu, iqtisadiyyatın diversifikasiyasını sürətləndirir. Azərbaycan üçün yeni bazarlarda möhkəmlənmək imkanı yaradır. Danimarka kimi inkişaf edən bir ölkəyə ixrac olunan məhsullar həm keyfiyyət standartlarının yüksəldiyini göstərir, həm də Azərbaycan məhsullarının Avropa bazarında rəqabətədavamlı olduğunu sübut edir”.
Ekspert qeyd edib ki, Azərbaycanın Danimarka ilə ticarət dövriyyəsindəki bu müsbət dinamika bütövlükdə Avropa bazarlarına inteqrasiyanı gücləndirən bir amildir:
“Çünki Avropa İttifaqı ölkələri arasında daxili bazar inteqrasiyası güclü olduğundan, hər hansı bir ölkə ilə uğurlu ticarət əlaqələrinin qurulması digər ölkələrlə də əməkdaşlıq imkanlarını genişləndirir. Azərbaycan Danimarka ilə ticarətdə üstün mövqeyini möhkəmləndirdikcə, Avropada iqtisadi imicini də gücləndirir. Bu isə gələcəkdə daha çox investisiyaların cəlb edilməsinə, texnologiya transferinə və qeyri-neft sektorunun inkişafına təkan verə bilər. Eyni zamanda, Azərbaycanın Avropa bazarlarında mövqeyinin güclənməsi ölkənin “yaşıl enerji” layihələrinin, xüsusilə də külək və günəş enerjisi potensialının reallaşdırılması üçün mühüm əməkdaşlıq imkanları açır. Danimarka bərpa olunan enerji texnologiyalarında qabaqcıl ölkələrdən biridir və bu sahədə Azərbaycanla əməkdaşlıq perspektivləri həm iqtisadi, həm də strateji baxımdan çox önəmlidir. Nəticə etibarilə, ticarət dövriyyəsinin artması təkcə indiki iqtisadi fayda ilə məhdudlaşmır, həm də Azərbaycanın Avropada daha dərin iqtisadi inteqrasiyası və gələcəkdə regional enerji-logistika mərkəzinə çevrilməsi üçün mühüm zəmin yaradır”.
Nuray Əliyeva
