00:00:00
Yazar
Səadət Əlizadə
25.09.2026 12:40 94 3 dəq oxuma
Texnologiya

“Defacement” hücumları: Saytların görünməyən təhlükəsi

“Defacement” hücumları: Saytların görünməyən təhlükəsi

Son günlər “.az” domenlərinə qarşı “defacement” hücumlarının qeydə alınması internet resurslarının kibertəhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Saytın görünüşünün icazəsiz şəkildə dəyişdirilməsi ilə müşayiət olunan bu cür hücumlar ilk baxışda yalnız vizual müdaxilə təsiri bağışlasa da, arxa planda daha ciddi təhlükəsizlik risklərinin mövcudluğuna işarə edə bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov bildirib ki, defacement hücumu yalnız saytın ana səhifəsinin vizual görünüşünün dəyişdirilməsi və ya haker mesajının yerləşdirilməsi ilə sıxılıb qalmır:

 

“Defacement hücumu yalnız saytın ana səhifəsinin vizual görünüşünün dəyişdirilməsi və ya haker mesajının yerləşdirilməsi ilə sıxılıb qalmır. Bu hal zərərvericinin saytın yerləşdiyi serverə və ya məzmun idarəetmə sisteminə (CMS) inzibatçı səviyyəsində icazəsiz giriş əldə etdiyinin bariz sübutudur. İdarəetməni ələ keçirən bədniyyətli şəxslər fon rejimində istifadəçilərin fərdi və maliyyə məlumatlarını ələ keçirən fişinq formaları yerləşdirə, ziyarətçilərin cihazlarına zərərli proqramlar (malware) yükləyə və ya saytın bazasında olan həssas məlumatları sızdıra bilərlər. Bu isə istifadəçilərin brendə və ya dövlət resursuna olan etibarını sıfıra endirir, axtarış sistemlərində (Google və s.) saytın qara siyahıya düşməsinə və uzunmüddətli maliyyə-fəaliyyət böhranına səbəb olur”.

 

Əlavə olaraq İT mütəxəssisi qeyd edib ki, belə hücumların qarşısını almaq üçün sayt sahibləri təhlükəsizlik yanaşmasını köklü şəkildə dəyişməlidirlər:

 

“İlk növbədə, istifadə olunan məzmun idarəetmə sistemləri (WordPress, Joomla və s.), mövzular və qoşmalar (plugin) davamlı olaraq güncəllənməli, istifadəsiz modullar sistemdən silinməlidir. Bütün inzibatçı panellərində ikifaktorlu doğrulama (2FA) məcburi edilməli və mürəkkəb şifrə siyasəti tətbiq olunmalıdır. Server səviyyəsində Veb Tətbiq Qoruma Divarları (WAF - Web Application Firewall) inteqrasiya olunmalı, fayl dəyişikliklərinə anında nəzarət edən monitorinq alətləri (File Integrity Monitoring) qurulmalıdır. Mövcud qorunma üsulları yalnız kompleks və davamlı tətbiq olunduqda effektivdir, çünki bir dəfə qurulub unudulan təhlükəsizlik sistemləri yeni çıxan proqram boşluqları qarşısında aciz qalır”.

 

Ekspert qeyd edib ki, defacement hücumlarının kütləviləşməsinin qarşısını almaq üçün sayt sahibləri, hosting provayderləri və kibertəhlükəsizlik mütəxəssisləri arasında operativ əməkdaşlıq mexanizmi qurulmalıdır:

 

“Sayt sahibləri rəqəmsal resurslarını fərdiləşdirilən xidmət kimi deyil, davamlı audit tələb edən canlı sistem kimi görməli və mütəmadi olaraq nüfuzetmə testləri (penetration testing) keçirməlidirlər. Local hosting provayderləri və registrar qurumlar öz platformalarında təhlükəsizlik standartlarını sərtləşdirməli, zərərli fəaliyyət aşkarlandıqda dərhal kiber-insidentlərə qarşı mübarizə mərkəzləri (CERT) ilə informasiya mübadiləsi aparmalıdırlar. Cəmiyyətdə və biznes mühitində kiber-gigiyena mədəniyyətinin formal deyil, praktik müstəviyə keçməsi bu riskləri sistemli şəkildə minimuma endirməyin tək yoludur”.

 

Nəticə olaraq İT mütəxəssisi bildirib ki, defacement hücumlarına yalnız saytın görünüşünün dəyişdirilməsi kimi yanaşmaq olmaz. Belə hallarda əsas məsələ hücumun arxasında dayanan təhlükəsizlik boşluğunun müəyyənləşdirilməsi və aradan qaldırılmasıdır. Bu baxımdan sayt sahibləri, hosting provayderləri, registrar qurumlar və kibertəhlükəsizlik mütəxəssisləri arasında davamlı əməkdaşlığın qurulması, eləcə də kiber-gigiyena qaydalarına əməl olunması mühüm əhəmiyyət daşıyır.

 

Gülnar Mustafayeva

#gündəm #azərbaycan #saytların #“defacement” #hücumları:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər