Depressiyadan necə xilas olaq?
“Hər birimiz həyatımızda müəyyən stresslər yaşayırıq. Demək olar ki, stress bizim günlük həyat tərzimizə çevrilib.
Məsələn, tutaq ki, bir insan dayanacaqda nəqliyyat vasitəsi gözləyir, gecikəndə isə başlayır narahat olmağa ki, işə vaxtında çata bilməyəcəm. İşə gecikəndə də yenə narahat olur ki, rəhbərlik görəsən, məni necə cəzalandıracaq?
Ya da gəlir işə, sonra stress içinə düşür ki, övladım məktəbə getdimi, çatdımı? Bu bizim günlük stresslərimizdir”.
Bu sözləri İnformator.az-a açıqlamasında psixoloq Gülnar Orucova söyləyib. Psixoloq deyir ki, hər kəs həyat tərzinə görə müxtəlif stresslər yaşayır. Bəziləri bunu gözündə çox böyüdür, problemə çevirir, amma bunun çıxış yolunu da axtarmağa çalışmır.
““Öyrənilmiş çarəsizlik” adlı bir sindrom var. Bu o deməkdir ki, insan çətin durumdadır, amma bu hala o qədər öyrənib ki, problem onun gözündə adiləşib. Təbii ki, hər kəsin ara-sıra narahatlığı ola bilər. Amma insan çalışmalıdır ki, heç nəyi problem olaraq görməsin. Bizim həll edə biləcəyimiz bütün məsələlər problem deyil, əksinə, günlük yaşantılarımızdır”.
Psixoloq düşünür ki, insanlar problemi olan zaman başqalarına danışmağa qorxurlar.
“Amma biz günlük problemlərimizi danışdıqca, onlar gözümüzdə adiləşir. Biz danışırıq, digəri daha da betərini danışır. Biz də bir daha şahid oluruq ki, həyatdan doğrudan da, bizdən də betərləri var. İnsanın gərək, can dostu, sirdaşı olsun. İnsan ətrafındakılara etibar etmirsə, deməli o, çox allanıb. Biz həyatda tez inanıb, tez güvənirik deyə, tez də allanırıq”.
Gülnar Orucova qeyd edir ki, kimisə tanıyanda ona ilk baxışda çalışaq ki, 100 bal üzərindən 20 verək, qalanını isə zamana buraxaq.
“Çünki 100 balı qazanmaq üçün o insan da çalışmalıdır, biz də o zamanı görməliyik ki, doğrudan da, bu insan özünü doğrultdu. İnsanlar bəzən sirrlərini uyğun olmayan şəxslərə verir, nəticədə daha böyük problemlərə düçar olur. Sonda isə həmin şəxs həyatını güvənsiz və asosial keçirməyə başlayır. Problemlərini isə öz içində, tək-tənha müzakirə etməyə başlayır”.
Psixoloqun sözlərinə görə, iradədən həqiqətən də çox şey asılıdır.
“İnsan iradəlidirsə, hər problemin öhdəsindən də gəlməyi bacaracaq. Zəif iradəsi olan şəxslər isə depressiv olmağa daha meylli olanlardır. İnsanlar depressiyaya düşməmək üçün çalışmalıdırlar ki, aktiv həyat tərzi yaşasınlar. Məsələn, düzgün qidalanma, idman, şəxsi istirahət”.
Gülnar Orucova əlavə edib ki, insanlar stressə düşəndə alır telefonu əlinə, başlayır “xoşbəxt” bildiyi adamların şəkillərinə baxmağa.
“Düşünür ki, “ayda, bu sevgilisi ilə kinoya gedib, necə də xoşbəxtdir”. Amma, elə deyil. Buradakı “xoşbəxtlik” oyunu o şəkli çəkən an başladı. Kinoya gedənə qədər kim bilir, nə qədər stress və narazılıqlar yaşanıb onların arasında. Heç kim ağlayıb durum paylaşmaz ki. Hər kəs məcburdur ki, xoşbəxt anını paylaşsın”.
Həcər Əmiraslanlı
