00:00:00
Yazar
Elmira Ağayeva
12.08.2026 21:59 28 3 dəq oxuma
Maraqlı

Detektiv Janrının Kraliçası: Aqata Kristi

Detektiv Janrının Kraliçası: Aqata Kristi

 

Detektiv janrı oxucuda analitik düşüncəni, diqqəti və məntiqi mühakimə qabiliyyətini inkişaf etdirən, özünəməxsus sirli atmosferi ilə seçilən xüsusi bir ədəbi sahədir. Dünya ədəbiyyatında bu janrın inkişafına əvəzsiz töhfələr vermiş, adı detektiv anlayışı ilə eyniləşmiş ən görkəmli nümayəndələrdən biri şübhəsiz ki, Aqata Kristidir (Agatha Christie). Ədəbiyyata gətirdiyi yeniliklərə görə o, haqlı olaraq "Detektiv janrının kraliçası" ünvanını qazanmışdır.


Həyatı və təhsili

​Əsl adı Aqata Meri Klarissa Miller Kristi (Agatha Mary Clarissa Miller Christie) olan gələcəyin böyük yazıçısı 15 sentyabr 1890-cı ildə İngiltərənin Torqi (Torquay) şəhərində, imkanlı bir ailədə dünyaya göz açmışdır. Erkən yaşlarında məktəbə getməyən Aqata evdə təhsil almış, daha sonra isə Parisdə musiqi təhsili almışdır. O, mütaliə edərək və öz üzərində işləyərək özünü bir yazar kimi yetişdirməyə çalışmışdır. İngilis yazar 12 yanvar 1976-cı ildə 85 yaşında vəfat etmişdir.

Yaradıcılığı və unudulmaz obrazları

​Aqata Kristi detektiv (polisiye) ədəbiyyatının ən önəmli simalarındandır. Onun ilk polisiye romanı 1920-ci ildə nəşr olunan "Staylzda müəmmalı hadisə" (The Mysterious Affair at Styles) əsəridir. Kristi ədəbiyyat aləminə yalnız unudulmaz süjetlər deyil, həm də dünya ədəbiyyatı tarixində iz qoymuş unikal obrazlar bəxş etmişdir:

​Erkül Puaro (Hercule Poirot): Belçikalı, son dərəcə zəki, həddindən artıq titiz, nizam-intizamı sevən və cinayətləri daha geniş perspektivdən həll edən məşhur detektiv obrazıdır.

​Miss Marpl (Miss Marple): Xarici görünüşcə sevimli və sakit görünən, lakin insan təbiətini mükəmməl müşahidə etmə qabiliyyətinə və kəskin, iti zəkaya sahib yaşlı ingilis xanım detektiv obrazıdır.

​Yazıçı öz dəst-xətti ilə böyük nüfuz qazanaraq bir müddət Detektiv Klubuna (The Detection Club) rəhbərlik də etmişdir. 

 

Həyatındakı sirli məqam: 11 günlük yoxa çıxma

​Aqata Kristinin həyatı yazdığı romanlar qədər sirli bir hadisə ilə də yadda kalmışdır. 1926-cı ildə ailə həyatında ciddi problemlər yaşayan yazar evlilik üzüyünü çıxarıb, qızını xidmətçilərə əmanət edərək birdən-birə ortadan yoxa çıxır. Onun tapılması və ya xəbər verilməsi üçün böyük mükafat təyin olunur. Bütün ölkənin axtardığı yazar tam 11 gün sonra İngiltərədə bir spa otelində tapılır. Bu müəmmalı yoxa çıxma ilə bağlı Kristi özü hafizə itkisi (amneziya) yaşadığını və həmin günləri xatırlamadığını bildirmişdir.

Məşhur Əsərləri

​Aqata Kristinin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuş, milyonlarla nüsxə ilə satılaraq "bestseller" siyahılarına düşmüşdür.

Yazıçının ən məşhur romanları:

​"Staylzda müəmmalı hadisə" (The Mysterious Affair at Styles) – 1920
​"Mavi qatarın sirri" (The Mystery of the Blue Train)
​"Buludlar üzərində ölüm" (Death in the Clouds)
​"Ölümlə görüş" (Appointment with Death)
​"Səssiz şahid" (Dumb Witness)
​"Qəmgin sərv" (Sad Cypress)
​"Dəfnədən sonra" (After the Funeral)

Bu gün Aqata Kristinin zəngin irsi detektiv janrının ən gözəl və klassik nümunələri kimi bütün dünyada sevilərək oxunmaqdadır.


Samirə Allahverdizadə

#yeni #janrının #azərbaycan #detektiv #kristi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər