00:00:00
Yazar
Admin User
17.11.2025 19:35 145 2 dəq oxuma
Mədəniyyət

“Dil bir millətin kimliyi, tarixi yaddaşı və mədəni irsinin əsas sütunudur”

“Dil bir millətin kimliyi, tarixi yaddaşı və mədəni irsinin əsas sütunudur”

Son illər sosial şəbəkələrdə sürətlə yayılan qısaldılmış sözlər, təhrif olunmuş ifadələr və danışıq tərzinin yazıya olduğu kimi köçürülməsi Azərbaycan dilinin gündəlik istifadəsində ciddi dəyişikliklər yaradıb. Xüsusilə gənclər arasında geniş yayılan bu tendensiya dilin səlisliyinə, mədəni bazasına və ədəbi norma qaydalarına təsir etdiyi üçün mütəxəssislər tərəfindən narahatlıqla qarşılanır.

 

Mövzu ilə bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Təranə Şükürlü “İnformator.az”a açıqlamasında bildirib ki, baş verən dil dəyişikliklərinin kökündə internetin sürətli inkişafı və sosial medianın gündəlik həyatın əsas hissəsinə çevrilməsi dayanır:

 

“Dil bir millətin kimliyi, tarixi yaddaşı və mədəni irsinin əsas sütunudur. İnternetin sürətli inkişafı və sosial şəbəkələrin yaranması informasiyanın ötürülmə prosesində böyük dəyişikliklər yaradıb. Əvvəllər internet yalnız məlumat mübadiləsi funksiyasını daşıyırdısa, 1990-cı illərdən etibarən insanlar üçün özünüifadə vasitəsinə, fikir platformasına və sosial kommunikasiyanın əsas məkanına çevrilib. Sosial mediada insanlar danışdığı kimi yazmağa başlayıb. Bu isə qısaldılmış və təhrif olunmuş formaların yayılmasına gətirib çıxarıb: ‘Ok’, ‘Slm’, ‘Tşk’ kimi ifadələr gündəlik yazışmaların ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələrin sürətli və operativ olması yeni nəsil üçün dilin funksional istifadəsini dəyişib. Medianın daha interaktiv olması internet istifadəçilərinin sayını artırıb və həmin auditoriya üçün ayrıca kontent yaranmasına səbəb olub. Bu dinamika dilin inkişafını daha həssas hala gətirir. Azərbaycan dili isə qədimliyi, zənginliyi və poetik potensialı ilə seçilən bir dildir. Onu qorumaq yalnız dövlətin deyil, hər bir jurnalistin, ziyalının və vətəndaşın borcudur. Xüsusilə yeni medianın dilə münasibəti gələcək nəsillərin dil mədəniyyətinin formalaşmasına ciddi təsir edəcək. Dil sevgisinin ailədən başlanmasının vacib olduğunu hesab edirəm. Azərbaycan dilini sevmək və sevdirmək çox önəmlidir. Bu sevgi ailədən, bağçadan, məktəbdən başlayır. Ailələr uşaqlara ana dilində nağıllar, hekayələr, şeirlər oxumalı, dili sevdirən mühit yaratmalıdır. Dil daim qayğı tələb edən canlı varlıqdır və biz onu nə qədər düzgün yaşatsaq, gələcək nəsillərə bir o qədər sağlam şəkildə ötürə bilərik”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər