Dil ləhcə fərqləri
Dil və ləhcə fərqləri hər bir xalqın zənginliyini, bölgələrin mədəni rəngarəngliyini əks etdirən mühüm xüsusiyyətlərdir. Lakin bu fərqlər bəzən ünsiyyətdə anlaşılmazlıq yaradır, cəmiyyətin münasibətinə görə isə müsbət və ya mənfi tərəflərdən dəyərləndirilə bilir.
Bu mövzu ilə bağlı Bakı Dövlət Universiteti Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Tofiq Hacıyev “İnformator.az”a açıqlamasında bildirib ki, ləhcə ilə danışmaq gerilik əlamətidir:
“Ləhcə müxtəlif regionlardan olan insanların ünsiyyətinə ciddi təsir edir. Bəla ondadır ki, bəzi yüksək səviyyəyə çatan ziyalılarımız da ləhcə ilə danışır və ədəbi dildə danışmağı “qından çıxmaq”kimi qiymətləndirirlər. Ləhcədə danışmaq qarşı tərəfin fikri tez anlamasına mane olur, fikri yayındırır. Ədəbi dilin danışıq formasından istifadə etmək böyük mədəniyyətdir”.
Həmçinin müsahibimiz bildirib ki, bunu aradan qaldırmaq üçün bağçadan, məktəbdən başlamaq lazımdır:
“Problem odur ki, hər iki müəssisədə olan müəllimlərin bir çoxu ləhcədə danışır. Televiziya verilişlərində də, tamaşalarında da ləhcə xüsusiyyətlərinə yol vermək olmaz. Ləhcə ədəbi dilin inkişafına da mənfi təsir edir. Bunun üçün milli duyum və hamının çalışması lazımdır. Ləhcələri qaldıqca bir və möhkəm xalq olmağımız çətindir...”
Banuçiçək Məmmədova
