Qaradağlı - 34 ilin susmayan ağrısı
Bəzən tarix kitablarda yazılanlardan yox, anaların yaddaşında qalan səslərdən ibarət olur. 1992-ci ilin fevralında Xocavənd rayonunun Qaradağlı kəndində baş verənlər də məhz belə bir yaddaşdır - danışdıqca ağırlaşan, susduqca içində böyüyən bir ağrı.
Kənd aylarla mühasirədə idi. Orada yaşayan insanlar üçün həyat artıq adi məna daşımayıb - suyu bölmək, bir tikə çörəyi qorumaq, gecəni sağ çıxmaq ən böyük arzuya çevrilirdi. Qaradağlı təkcə coğrafi məkan deyil, orada insanlar öz evlərini, xatirələrini, uşaqlıqlarını qoruyub. Fevralın o qanlı günündə isə kəndlə birlikdə neçə-neçə ailənin taleyi yarımçıq qaldı. Bu hadisədən 34 il keçir. Bir ömür qədər uzun zaman…..
Amma Qaradağlıdan danışanda sanki illər yox olur. Çünki bu, yalnız tarix deyil - adları hələ də çəkilən, şəkilləri evlərin ən görünən yerində saxlanılan insanların hekayəsidir. O kənddən sağ çıxanların səsində hələ də eyni titrəyiş var. Onlar illəri yox, o günü xatırlayırlar. Bu gün Qarabağa qayıdışdan, quruculuqdan, yeni həyatın başlanmasından danışırıq. Bu, əlbəttə ki, böyük təsəllidir. Amma Qaradağlı kimi yerlər bizə xatırladır ki, azadlıq təkcə torpağın geri alınması deyil, həm də yaddaşın itirilməməsidir. Çünki unudulan faciə bir daha yaşanmağa məhkumdur.
Qaradağlı haqqında yazmaq çətindir. Rəqəmlər yazmaq olar, faktlar sadalamaq olar. Amma əsas olan odur ki, bu kəndin adı çəkiləndə hər kəs bunun bir xəritədə bir nöqtəsi yox, yarımçıq qalan həyatların ünvanı olduğunu hiss etsin.
34 il keçib.
Qaradağlı isə hələ də susmur.
Onun səsi - xatırlayanların ürəyində yaşayır.
Cavahir Əsgərbəyli
