Dili millətin ruhuna çevirən lider
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin formalaşmasında müstəsna rolu olan, siyasi uzaqgörənliyi və güclü liderlik keyfiyyətləri ilə yadda qalan tarixi şəxsiyyətdir. Onun idarəçiliyi, milli kimliyin qorunması və dövlətin möhkəmlənməsi uğrunda göstərdiyi qətiyyət bu gün də ölkənin strateji inkişaf xəttində öz təsirini göstərir.
Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi İradə Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevdir:
“Mən fəxr edirəm ki, onun haqqında “Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” adlı ilk doktorluq dissertasiyasının müəllifiyəm. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin irsi Azərbaycan xalqının milli sərvətidir. 1991-ci ildə oktyabr ayının 18-də Azərbaycan öz müstəqilliyinə qovuşub. Amma müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan çətin və müşkül məsələdir. Dahi şəxsiyyət, görkəmli lider, böyük siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də odur ki, o “bizim dövlətçiliyimizi” xilas edib, qoruyub saxlayıb. 1993-cü ilin iyununda Azərbaycanın yaşadığı ən təlatümlü dövrdə onun yenidən siyasi rəhbərliyə qayıdışı təhlükəli proseslərin qarşısını alıb və ölkəni dağılmaq təhlükəsindən xilas edib. Dövlətçiliyimizin qorunub-saxlanması isə azadlığımızın, suverenliyimizin, müstəqilliyimizin qorunub saxlanılması deməkdir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətində milli ideologiyanın formalaşdırılmasına, gənclərin, tələbələrin və şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verib. Onun dövlət idarəçiliyinə gətirdiyi inkişaf modeli ölkənin bütün sahələrdə yüksəlişinə səbəb olub. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər iqtisadi, ictimai-siyasi və mədəni-mənəvi inkişafın sürətləndiyi bir mərhələ kimi tarixə düşüb. O, dünyanın tanınmış dövlət və siyasi xadimləri sırasında ən seçilən, dünya miqyasında böyük nüfuza malik lider olduğunu əməli fəaliyyəti ilə sübut edib”.

“Ana dilini qorumaq hər bir xalqın borcudur” deyən Heydər Əliyev dil siyasətinə xüsusi önəm verirdi. Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Onun dil quruculuğu siyasəti milli dövlət quruculuğunun ayrılmaz hissəsi kimi bütöv bir sistem təşkil edib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Təranə Şükürlü qeyd edib ki, Heydər Əliyev 60-cı illərin sonlarından başlayaraq milli dilin qorunmasına xüsusi
diqqət yetirib:
"Ulu Öndər Azərbaycan dilinə təkcə ünsiyyət vasitəsi deyil, xalqın tarixi və mədəni kimliyini ifadə edən milli sərvət kimi yanaşırdı. 1970-ci illərdən etibarən ana dilinin inkişafı və təbliği onun nitqlərinin əsas xüsusiyyətinə çevrilib. BDU-nun 50 illik yubileyində onun ana dilində çıxış etməsi ziyalılara mənəvi dəstək olub. XX əsrin ikinci yarısında Azərbaycan dilinin dövlət dili kimi möhkəmlənməsi, diplomatiya aləminə daxil olması da Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin təşəbbüsü ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyinin beynəlxalq səviyyədə keçirilməsi və dilçilik sahəsində tədqiqatların genişlənməsi milli dilin inkişafına böyük təkan verib. “Müasir Azərbaycan dili” dərsliklərinin dövlət mükafatına layiq görülməsi də bu siyasətin nəticəsi idi. Heydər Əliyevin qətiyyətli mövqeyi ilə 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu rəsmiləşdirildi. Dilin qorunması, inkişafı və tətbiqi məsələləri dövlət səviyyəsində tənzimlənməyə başlayıb. Müstəqillik dövründə də Ulu Öndər dil siyasətini milli dövlətçilik strategiyasının temel istiqaməti kimi davam etdirib. 1995-ci il Konstitusiyasında Azərbaycan dili milli dövlətçiliyin rəmzi kimi təsbit olunub. 2001-ci il 18 iyun fərmanı ilə dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, tarixi və inkişaf mərhələlərinin müəyyənləşdirilməsi təmin edilib. 9 avqust 2001-ci il fərmanı ilə “Azərbaycan əlifbası və Azərbaycan dili günü” təsis olundu və Azərbaycan latın qrafikasına tam keçdi. Bu addım dilimizin beynəlxalq aləmdə daha rahat tanınmasına şərait yaradıb. 2002-ci il 30 sentyabrda qəbul edilən “Dövlət dili haqqında” Qanunla Azərbaycan dilinin hüquqi statusu, işlənməsi, saflığının qorunması və ədəbi norma məsələləri qanunvericilik çərçivəsində təsbit edilib. Heydər Əliyev ana dilinin saflığını, zənginliyini hər zaman çıxışlarında vurğulayır, dilin təbliğini cəmiyyətin mühüm vəzifəsi hesab etib. Televiziya və media qarşısında da Azərbaycan dilinin səlis və düzgün təbliği xüsusi missiya kimi dəyərləndirilirdi. Bu gün Azərbaycan dilinin inkişafı və qorunması Heydər Əliyev siyasətinin davamıdır. Onun dil quruculuğu sahəsində yaratdığı konsepsiya elmin, təhsilin bütün sahələrinə əsaslı təsir göstərib. Ümummilli Lider deyirdi: “Hər bir xalqın özünəməxsusluğunu müəyyən edən başlıca ünsürlərdən biri onun dilidir". Heydər Əliyevin zəngin dil irsi xalqımızın milli sərvətidir və Azərbaycan dili müstəqil dövlətçiliyimizin ən möhkəm dayaqlarından biri kimi daim yaşayacaq".

Nuray Əliyeva
Cəvahir Əsgərbəyli
