00:00:00
Yazar
Zəhra Həsənova
18.05.2026 16:29 20 2 dəq oxuma
Sosial

DİM qərar verib: Magistr imtahanları bu tarixdə yenidən keçiriləcək

DİM qərar verib: Magistr imtahanları bu tarixdə yenidən keçiriləcək

17 may tarixində Dövlət İmtahan Mərkəzi keçirilən magistratura səviyyəsi üzrə qəbul imtahanlarında bəzi namizədlərin gecikməsinə baxmayaraq imtahana buraxıldığı bildirilib. Bununla yanaşı, sosial şəbəkələrdə bir sıra şəxslər gecikdikləri üçün imtahana buraxılmadıqlarını iddia edərək narazılıqlarını ifadə ediblər. Məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və imtahan qaydalarının tətbiqi ilə bağlı suallar yaradıb.

 

Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinin Mətbuat katibi Xanlar Xanlarzadə “Informator.az”a açıqlamasında bildirib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar yaranmış fors-major vəziyyət nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində magistraturaya qəbul imtahanının ikinci cəhdi yenidən keçiriləcək:

 

“İmtahan 14 iyun 2026-cı il tarixində baş tutacaq və bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçən bakalavrlar iştirak edə biləcəklər. Həmin şəxslər 21–23 may tarixlərində Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçməlidirlər. 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbindən imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər”.

 

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi 17 may tarixli imtahanlar təkcə magistratura imtahanını deyil, həm də ötən illərin məzunları və 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarını da əhatə edib və bu, ciddi narazılıqlara səbəb olub:

 

“Həmin gün həm yağıntılı hava şəraiti, həm də şəhərdə beynəlxalq tədbirlə bağlı yaranan nəqliyyat sıxlığı vəziyyəti daha da ağırlaşdırıb. Gün ərzində yağan yağış və şəhərdə beynəlxalq səviyyəli tədbirin keçirilməsi ilə bağlı yaranan tıxac nəticəsində ciddi problemlər yaşanıb. Dövlət İmtahan Mərkəzi bu kimi hallara qarşı öncədən addımlar atmalı idi. Ən azından həmin beynəlxalq tədbirlə bağlı təşkilat komitəsi ilə koordinasiya qurularaq imtahanların təxirə salınması mümkün ola bilərdi. Amma bu baş vermədi və nəticədə gecikmələr qeydə alındı. Sosial şəbəkələrdə də çoxsaylı video görüntülər paylaşılaraq nəqliyyatın iflic vəziyyətə düşdüyü, bəzi körpülərdə yaranan problemlər səbəbindən gecikmələrin qaçılmaz olduğu əks olunub. İmtahanların ödənişli olması da əlavə narazılıq yaradıb. Magistraturanın ikinci cəhdi üçün iştirak haqqı 50 manatdır və bu da bütün namizədlər üçün əlavə yükdür”.

 

Məzahir Məmmədli vurğulayıb ki, Dövlət İmtahan Mərkəzi bu kimi fors-major hallara qarşı əvvəlcədən plan hazırlamalı idi: 

 

“Belə hallarda tədbirlər planı olmalıdır. Təəssüf ki, bu cür situasiyalarda operativ qərar mexanizmi tam işləməyib”.

Sonda ekspert Azərbaycanda magistratura təhsilinə marağın azalmasına da toxunaraq bildirib ki, əvvəlki illərdə dövlət sifarişli yerlərin bir hissəsi boş qalıb və bu da ümumi marağın zəiflədiyini göstərir.

Fatimə Hüseynli

#gündəm #azərbaycan #qərar #magistr
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər